Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 14:57:00
Misir Mərdanov “Cümhuriyyət mühazirəsi” dedi 

Oktyabrın 4-də Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Azərbaycan Universitetinin tələbələri qarşısında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş mühazirə ilə çıxış edib.

AzEdu.az-ın məlumatına görə, mühazirə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə Azərbaycanda və Cənubi Qafqazda ictimai-siyasi vəziyyət və təhsil sahəsində həyata keçirilən islahatları əhatə edib. Qeyd olunub ki, cümhuriyyətin qurucuları təhsil sahəsinin tamamən yenilənməsi, xalqın maariflənməsi və milli kadrların hazırlanması məsələlərinə xüsusi əhəmiyyət verib. Azərbaycan dilinin dövlət dili elan edilməsi, məktəblərin milliləşdirilməsi həyata keçirilən ilk və ən mühüm tədbirlərdən olub.

Alim çıxışında 23 aylıq müddət ərzində təhsil sisteminin idarə olunmasında və məzmununda aparılan islahatlar, dərsliklərin hazırlanması, parlamentin qərarı əsasında 100 nəfər gəncin ölkə xaricinə oxumaq üçün göndərilməsi, ölkədə ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universitetinin yaradılması, ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi və bu kimi islahat və yeniliklər haqqında məlumat verib, iştirakçılara maraqlı faktlar və statistik rəqəmlər açıqlayıb. Mühazirədə Hacı Zeynalabdin Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyətinə də xüsusi yer ayrılıb.

Daha sonra Misir Mərdanov universitetin professor-müəllim heyətini 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib, cəmiyyətin tərəqqisində müəllimlərin böyük əməyi və rolu olduğunu vurğulayıb.

Sonda o, həmmüəllifi və layihə rəhbəri olduğu “Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində” (1918-1920), “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” (Ensiklopedik soraq kitabı), “Məktəblinin riyaziyyatdan izahlı lüğəti”, “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz” və Vidadi Xəlilovun “Zirvə yolu” kitablarını universitetə hədiyyə edib.