Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 16:08:00
Tələbələr, endirimdən yararlanın - 200-dən çox müəssisə ilə müqavilə imzalandı

Ötən ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) birgə təşkilatçılığı ilə Azərbaycan Tələbə Kartının yeni dizaynda təqdimat mərasimi keçirilib. Tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyan kart ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bütün kurs bakalavr və magistr tələbələrinə aid edilir.

 AzEdu.az -ın məlumatına görə,  “Azərbaycan Tələbə Kartı” layihəsinin koordinatoru Xanım Paşayeva Modern.az-a kartın özəllikləri haqqında danışıb. O vurğulayıb ki, tələbə kartı üçün tələbələrin maraq dairəsinə uyğun olaraq, 200-dən çox endirim təqdim edən müəssisə ilə müqavilə imzalanıb:

“Prosses hazırda da davam etdirilir, yeni müəssisələrlə müqavilələr imzalayaraq, tələbələrin endirimdən faydalanması üçün əhatə dairəsini genişləndiririk.

“Azərbaycan Tələbə Kartı" vətəndaşlara çatdırılması üçün poster və stikerlər çap edilib. Həmçinin,endirim təqdim edən müəssisələrin fərqlənməsi məqsədilə stikerlər də yerləşdirilib. Bu il martın 13-dən  “Azərbaycan Tələbə Kartı”nın “Facebook” və “Instagram” səhifələri istifadəyə verilib.

Tələbələr həmin hesablara sorğu ünvanlayaraq da, məlumat ala bilərlər. Aprelin 7-dən “Android” və “iOS” platformalı telefonlar üçün “Azərbaycan Tələbə Kartı” mobil tətbiqetməsi də istifadəyə verilib. Tətbiqetmənin 5000-dən çox istifadəçisi var”.

X. Paşayevanın sözlərinə görə, “Azərbaycan Tələbə Kartı”nın veb saytında kartın alınması üçün elektron müraciətlərin qəbulu və kartın hazır olub-olmadığının yoxlanılması üçün iki elektron xidmət fəaliyyət göstərir:

“Hazırda 15-ə yaxın ali və orta ixtisas təhsil müəssisəsi üçün elektron qeydiyyat mövcuddur. Qeyd etdiyimiz kimi, Azərbaycan tələbə kartından 17-29 yaş arası bakalavr və magistr tələbələri istifadə edə bilərlər. Ümumilikdə isə, “Azərbaycan Tələbə Kartı”nın istifadəçisi 70000-dən çoxdur. Tələbələr Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına müraciət edərək, yaxud eyca.az-da online qeydiyyatdan keçərək kartı əldə edə bilərlər”.