
Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın "Nazarbayev İntellekt Məktəbləri" ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 təhsil işçisi 11 – 24 avqust tarixlərində Astana şəhərində səfərdədir. Əsasən ibtidai sinif müəllimlərindən ibarət heyət ixtisasartırma təlimlərinə cəlb olunub.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, təlimlər ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının artırılması, həmçinin əldə edilmiş təcrübənin həmkarları ilə bölüşülməsi məqsədilə təşkil olunub.
Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərə 4 modul daxildir. Bu modullardan ikisi Astanada, növbəti iki modul isə 29 avqust və 8 sentyabr tarixlərində Bakıda keçiriləcək.
Səfər zamanı müəllimlər təlimlərlə yanaşı, müxtəlif mədəni tədbirlərdə iştirak edir və məktəblərə baş çəkirlər.