
“PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM” İCTİMAİ BİRLİYİ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına “Məktəblilərin İKT yönümlü peşələrə istiqamətlənməsi üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir.
AzEdu.az xəbər verir ki, təşkilat 11 Oktyabr 2018 tarixdə Bakı şəhər 7 saylı məktəbdə 8- ci sinif şagirdləri ilə tədbir təşkil edib. Tədbirin məqsədi məktəb şagirdləri ilə peşəyönümü işi aparmaq, məktəbin şagirdlərini İKT yönümlü peşələrlə istiqamətləndirmək idi.
Layihənin eksperti, ADPU-nun dosenti İlham Əhmədov peşəyönümü işi barədə danışdı. O, əvvəlcə şagirdlərdən soruşub ki, sizlərdən kim öz gələcək peşəsi barədə seçim edib. Bir neçə şagird artıq özlərinə peşə seçdiklərini bildiriblər. Onlar növbə ilə özlərinə hansı peşəni və niyə seçdiyini əsaslandırmağa çalışdılar. Bu məqsədlə indidən hansı tədbirlər gördüklərini bildirdilər. Daha sonra layihə eksperti uşaqlara izah edib ki, bir sıra peşələr yaxın gələcəkdə əmək bazarından silinəcək, əvəzinə xeyli yeni peşələr yaranacaq. Əmək bazarında gözlənilən bu dəyişiklər texnologiyaların sürətlə inkişaf etməsi ilə əlaqədardır.
Daha sonra tədbirdə layihənin digər eksperti İradə Əliyeva peşə seçiminin hər bir gənc üçün taleyüklü məsələ olduğunu qeyd edib. Tədbirdə bildirilib ki, bu gün dünyada 240 minə yaxın peşə növü vardır. Peşələr isə ümumən 5 növə bölünür: İnsan-təbiət, İnsan-texnika, İnsan-insan, İnsan-işarələr sistemi, İnsan-bədii obraz. Bunlar əsas peşə klasterləridir. Ən əsası insanın özünə uyğun peşə seçimidir.
Daha sonra düzgün peşə seçimi aparmaq üçün şagitdlərə tövsiyyələr verilib.
Peşə seçimi insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir. Hər birimiz ilk seçimi-mizi ətrafdakı insanlara baxaraq seçirik. Kimsə hansısa peşədə qabiliyyətli olursa, uğur qazanırsa bizim də ilk ağlımıza gələn o peşəni seçmək olur. Ancaq zaman zaman qərarlarımızı dəyişdiririk.
Düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməlidir. Aydındır ki, hamıda eyni qabiliyyət, eyni maraq, və eyni bacarıq ola bilməz. Amma hər kəsdə hər hansı bir sahəyə müəyyən meyl və maraq vardır. Bu amilləri üzə çıxartmaqda peşəyönümünün rolu böyükdür. Bununla yanaşı, gənclərə peşəyə dair məsləhətlər, əmək bazarında real vəziyyət haqqında məlumatlar vermək lazımdır. Çünki bu gün peşə və ixtisas düzgün seçilməzsə, gələcəkdə həmin peşə və ixtisas üzrə işlə təmin olunmaqda problem yaranır ki, bunun da nəticəsində işsizlik ortaya çıxır. Bu problem dünyanın bütün ölkələrində mövcuddur.
Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın maraq və meyllərinə, bacariqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcədə əhəmiyyət kəsb edir. Bu vacib işin uğurla həyata keçirilməsi üçün peşə seçiminin müvafiq qurumlar tərəfindən düzgün aparılması xüsusi dəyər kəsb edir. Ona görə də hər bir gənc ilk növbədə iş dünyasının tələblərini və sahibkarların nə istədiklə-rini, hansı keyfiyyətlərə üstünlük verdiklərini müəyyən etməlidir.
İnformasiya texnologiyalarının, xüsusi ilə süni intellektin inkişafı artıq əmək bazarında ciddi gərginlik yaradır. Bir sıra peşələr artıq tarixin arxivinə yollanılır. Digər tərəfdən yeni-yeni peşələr yaranır. 2020-ci ilə qədər olan müddətdə xeyli yeni peşələr üzrə mütəxəssislərə ehtiyac olacaqdır. Eyni zamanda bu gün öyrənilən bir sıra peşələrə isə ehtiyac olmayacaqdır. Xüsusən İKT yönümlü peşələrə ehtiyac ilbəil artacaqdır. Ona görə bu günün məktəb şagirdləri peşə seçərkən bu reallıqları nəzərə almalıdırlar. Məktəb müəllimləri də şagirdlərini əsasən perspektivi olan peşələrə yönləndirməlidir.