Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-04 12:23:42
“Məhv olmuş ömür. Narkotikə YOX de!” - AzMİU-da film təqdimatı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilib.

 

AzMİU-dan AzEdu.az-a bildirilib ki, təqdimat tədbirində Milli Məclisin deputatları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, “Narkotizmlə Mübarizə” İctimai Birliyinin əməkdaşları və 200-dən çox tələbə iştirak edib.

 

Tədbiri açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili universitetdə narkotiklə mübarizənin güclü şəkildə təşkil olunduğunu, tələbələr arasında mütəmadi maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulayıb. O qeyd edib ki, gənclərin bu və bu kimi pis vərdişlərdən yayındırılması üçün AzMİU rəhbərliyinin tapşırıq və tövsiyələri ilə təşkilat daxilində 50-dən çox müxtəlif klub, tələbə forumu, birliklər yaradılıb və burada çoxlu sayda özünüinkişaf proqramları icra edilir.

 

Layihənin rəhbəri Kənan Qubadzadə çıxışında AzMİU-da narkotiklə mübarizə yönündə aparılan işləri təqdir edərək “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi haqqında iştirakçılara məlumat verib. O bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsilə cəmiyyəti narkomaniya bəlasından qorumaq yönündə maarifləndirmə işi aparmaqdır.

 

Sonra qısametrajlı film nümayiş olunub. Film 4 dəqiqə ərzində həm səsli, həm də ssenari əsasında teatral hərəkətlərlə gəncləri və valideynləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa, özlərini bu bəladan qorumağa çağırır.

 

Filmin nümayişindən sonra Milli Məclisin deputatları – İlham Məmmədovun, Vüqar İskəndərovun və Müşfiq Cəfərovun, AzMİU-nun prorektoru Orxan Naqdiyevin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Vasif Quliyevin çıxışları dinlənilib. Çıxışlarda narkomaniyanın acı fəsadlarından bəhs edilib. “Ağ ölüm”ə qarşı mübarizədə dövlətin, onun hüquq-mühafizə orqanlarının, eləcə də vətəndaş cəmiyyəti institutlarının böyük işlər gördüyü diqqətə çatdırılıb. Qısametrajlı filmin gəncləri maarifləndirmək, onları narkotik istifadəsindən çəkindirmək istiqamətində tərbiyəvi əhəmiyyətinə toxunulub.