
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) şəhid məzunu Vüsal Kazımovun xatirəsinə həsr edilmiş fakültələrarası şahmat turnirinin final mərhələsi keçirilib.
AzMİU-dan AzEdu.az-a bildirilib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə təşkil edilən və 60 tələbənin qatıldığı turnir 3 gün davam edib.Turnirin final mərhələsində şəhidin ailə üzvləri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
THİK-nın sədri Şahmar Rəfili final mərhələsində çıxış edərək Vüsal Kazımov haqqında məlumat verib. O qeyd edib ki, universitetdə bütün şəhidlərin adına mütəmadi tədbirlər keçirilir, hər birinin əziz xatirəsi AzMİU rəhbərliyi tərəfindən uca tutulur və keçdikləri həyat yolu gənclərimizə örnək göstərilir. Universitet şəhidlərinin şərəfinə AzMİU-da şəhidlər guşəsi də yaradılıb və guşədə onlar haqqında məlumatlar həkk olunub.
Daha sonra turnirin final mərhələsinə start verilib. Şəhidin atası Vüqar Kazımov turnirin simvolik gedişini edib.
Sonra şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilib. Videoçarxda şəhidimizin tələbəlik və hərbi xidmət illərindəki fəaliyyətindən bəhs olunub.
AzMİU-nun prorektoru Orxan Naqdiyev, şəhidin oxuduğu fakültənin dekanı olmuş Tahirə Haqverdiyeva, universitet şəhərciyinin direktoru Aqşin Kərimov da çıxış edərək şəhid haqqında öz xatirələrini bölüşüblər.
Dada sonra turnirin oyunları keçirilib. Yekunda I, II, III yerləri tutan komandalar diplomlarla mükafatlandırılıb.