Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-09 16:19:32
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən ölkəmizdə, eləcə də Türkiyə, Macarıstan, Avstriya , Estoniya və Gürcüstanda 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 

 

AzEdu.az xəbər verir ki, böyük qürur və iftixar rəmzi olan Zəfər Günü və Bayraq Gününə həsr olunan tədbirlərdə azərbaycanlı və əcnəbi tələbələr, məzunlar iştirak edərək əzəli Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

 

İştirakçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti ilə qazanılan Zəfərin üçüncü ildönümü münasibətilə həmrəylik və fəal təmsilçilik şüarları altında bir araya gəliblər.

 

 

Qardaş Türkiyənin İstanbul və Sivas şəhərlərində silsilə tədbirlər təşkil edilib. Türkiyənin İstanbul şəhərində Bahçeşehir Universitetində azərbaycanlı gənclərin iştirakı ilə Qarabağda yenidənqurma mövzusunda universitetin professorlarının iştirakı ilə müzakirələr aparılıb. Sivasda Cümhuriyyət Universitetində isə azərbaycanlı gənclərin iştirakı ilə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə Zəfər Gününün tarixi, münaqişədən sonra Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı təqdimatlar nümayiş etdirilib.

Macarıstanın paytaxtı Budapeştdə ASAP və Azərbaycan Macarıstan Məzunlar Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər Hiking yürüşü” keçirilib. Yürüşdə Budapeştdə yaşayan azərbaycanlı gənclərlə yanaşı, xarici ölkələrin tələbə və məzunları da iştirak edərək Macarıstanın qədim şəhərlərindən biri və eləcə də Şuşanın əkiz şəhəri adlandırılan Gyöngösi şəhərində müəyyən olunmuş marşrutla “Kekestoto” zirvəsinə yürüş ediblər.

 

 

Gyöngösi və Şuşa şəhərləri müvafiq olaraq Macarıstanın və Qarabağ silsiləsinin ən yüksək zirvələrinin yerləşdiyi ərazilərdir və “Zəfər Hiking yürüşü” məhz bu marşrut üzrə hərəkəti təşkil edib. Yürüş zamanı xarici ölkələrin gənclərinə ölkəmizin tarixi, mədəniyyəti, İkinci Qarabağ müharibəsinin həqiqətləri və Zəfər Günü ilə bağlı məlumat verilib.

 

 

Estoniyanın Tartu şəhərində azərbaycanlı gənclərin iştirakı ilə Qarabağda yenidənqurma və bərpa mövzusunda müzakirə aparılıb. Müzakirədə münaqişədən sonra regionda görülən işlər, Böyük Qayıdış siyasəti çərçivəsində aparılan genişmiqyaslı layihələrlə bağlı təqdimatlar və müzakirələr keçirilib.

 

 

ASAP Avstriya nümayəndəliyi tərəfindən Vyananın müxtəlif yerlərində azərbaycanlı gənc musiqiçilər tərəfindən Zəfər Günü münasibətilə musiqilər ifa edilərək videolayihə hazırlanıb.