
Bakıdakı yol qəzasında həlak olmuş tanınmış alim Arif Acaloğlunu vuran “Mercedes” markalı avtomobilin sürücüsünün kimliyi məlum olub.
Modern.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, avtombili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.
Qeyd edək ki, Azər Maqsudov da kifayət qədər tanınmış şəxsdir.
O, 1998-ci ildən KTM-nin Toksikologiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb. Arif Acaloğlu son vaxtlar Mərmərə Universitetində çalışırdı. O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.
Bədbəxt hadisə noyabrın 15-i saat 23:30-da Bakıdakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.