
Bu gün dünyada Fəlsəfə Günü kimi qeyd olunur.
Maraqlıdır, bəs ali məktəblərdə fəlsəfənin tədrisi nə yerdədir?
Bu münasibətlə fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva AzEdu.az-a açıqlama verib.
Fəlsəfə doktoru bildirib ki, bütün univeristetlərdə fəlsəfə fənni tədris olunmalıdır: “Fəlsəfə düşünmək haqqında elmdir və bütün elmlərin başlanğıcı fəlsəfədir. Bu səbəbdən istənilən ixtisas üzrə təhsil alan tələbə tədris olunan fənlərin fəlsəfəsini anlaya bilərsə, ixtisasını daha yaxşı qavramış olar. Bir çox universitetlərdə, xüsusən humanitar fənlər tədris olunan fakültələrdə “Ümumi fəlsəfə”, “Fəlsəfənin əsasları” və ya “Fəlsəfə tarixi” istiqamətində tədris olunur”.
Müsahibimiz bildirib ki, fəlsəfəni ixtisasa uyğun şəkildə tədris etmək lazımdır: “Hər bir elm sahəsinin öz fəlsəfəsi var. Kimyanın, sosiologiyanın, hətta fəlsəfənin də öz fəlsəfəsi var. Düşünürəm ki, universitetlərin əksəriyyətinin dərs proqramında olan fəlsəfəni ixtisasa uyğunlaşdıraraq tədris etsək həm tələbələr daha həvəslə və maraqla oxuyar, həm də bununla dərsin keyfiyyəti artmış olar”.
Kəmalə müəllim qeyd edib ki, heç kəs tələbədən filosof olmağı tələb etmir: “Tələbələr arasında yayılmış stereotip var ki, fəlsəfəni anlamaq, öyrənmək çətindir. Əslində isə fəlsəfə bizi gündəlik həyatımızda da əhatə edir. Heç kəs tələbədən filosof olmağı, yeni fəlsəfi sistem meydana gətirməyi tələb etmir. Amma sadəcə keçilən dərsləri əzbərləmək deyil, dərk edərək qavramaq, mütəxəssis olaraq düşünməyi öyrənmək üçün fəlsəfəni bilmələri əhəmiyyətlidir”.
Fəlsəfə doktoru vurğulayıb ki, əksər müəllim tələbədə maraq oyatmağa çalışmır, sadəcə mühazirəsini oxuyub keçir: “Məncə fəlsəfəni tədris edən əksər müəllim mənimlə razılaşar ki, tələbələr fəlsəfəni maraqla deyil, məcburiyyətdən, imtahandan keçmək üçün oxuyur. Bu məsələdə müəllimlərin də üzərinə məsuliyyət düşür”.
Həmsöhbətimiz son olaraq qeyd edib ki, tələbə sayı bizi qane edir, amma keyfiyyət hansı səviyyədədir o bəlli deyil: “Əksər hallarda tələbələr semestr imtahanlarından məqbul balı toplayır. Çünki, əsas fənn deyil, əlavə fənlər blokuna daxil olduğu üçün tələbələrin çoxu fənnə elə imtahandan məqbul qiymət almaq üçün hazırlaşır. Bu səbəbdən tələbə sayı, yəni kəmiyyət bizi qane edir. Amma keyfiyyət hansı səviyyədədir, yəni öyrəndiklərindən faydalana bilirlərmi, universiteti bitirdikdən sonra əmək fəaliyyətlərində tətbiq edə bilirlərmi? Bu sualın cavabı məni də düşündürür”.