Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-22 15:49:36
Rektor: Hər il 100 tələbə mühəndis proqramı üzrə hazırlanır

Azərbaycan Texniki Universitetində noyabrın 22-də Bakı Bilişim Vadisi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərlərinin, mütəxəssislərin və bu sahədəki dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilir.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlərin və dövlət qurumlarının birgə əməkdaşlığının vacibliyini qeyd edib.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev belə görüşlərin əhəmiyyətini vurğulayıb, gələcəkdə bu tədbirlərin daha intensiv keçiriləcəyini qeyd edib.

 

“AzTU regionda müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlayan ilk və yeganə universitetdir. Mütəxəssislər universitetin Xüsusi texnika və texnologiya fakültəsində hazırlanır.

 

Azərbaycan Texniki Universiteti bu istiqamətdə işini daha səmərəli qurmalıdır. Təhsil ocağı bu istiqamətdə daha ciddi addımlar atmağı qarşısına məqsəd qoyub. AzTU, Milli Aviasiya Akademiyası və Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) birgə əməkdaşlığı çərçivəsində “AzTU-Turkish Aerospace, MGP 2023.1” adlı proqramın icrasına başlanılıb. Proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. istiqamətlər olan namizədlər iştirak edir.

 

Hər bir akademik il çərçivəsində 100 nəfərədək, 2030-cu ilədək isə ümumilikdə ən azı 1000 tələbənin hazırlanması nəzərdə tutulur”, - deyə rektor əlavə edib.

 

Sonra “Ordulu Texnoloji”nin rəhbəri Nizaməddin Ordulu “Süni intellekt texnologiyaları və kibertəhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib.

 

Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX), Müdafiə Sənayesi Nazirliyi, KOBİA, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının nümayəndələri, sahə üzrə mütəxəssislər iştirak edir.