
Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.
AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, ali məktəbdə 1000 tələbənin təhsil alması planlaşdırılır.
Nazir bildirib ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur:
"30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar. "Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında I kurs tələbələri, SABAH qruplarında təhsil alan gənclərin orada təhsil alması mümkün olacaq. Bundan başqa, mübadilə proqramları və ya ikili diplom proqramları da işlək olacaq. I mərhələdə 4 fakültənin olması planlaşdırılır. Növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq".
Nazir qeyd edib ki, Qarabağ Universitetində əsasən müəllimlik ixtisasına geniş yer ayrılacaq. Bundan əlavə tikinti-quruculuq işlərinin həyata keçirilməsi üçün mütləq mühəndislik ixtisası təsis olunacaq. "Növbəti 2-3 ay ərzində dəqiq hansı ixtisasların tədris olunacağı barədə ictimaiyyətə açıqlama veriləcək".