Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-12 10:40:00
Məktəbdə QALMAQAL - Direktor müəllimi döyüb?

Samux rayon Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorla müəllim arasında insident yaşanıb.

 

38 yaşlı məktəb direktorunun 48 yaşlı ibtidai sinif müəllimini döydüyü iddia olunur.

 

AzEdu.az xəbər verir ki, ibtidai sinif müəllimi Şəhla Qasımova direktor Şahin Məmmədovun  onu kitabla vurduğunu bildirir: “Qeyri-iş günü məktəb direktoru mənə zəng edib. Telefonu açmadığım üçün direktor mənə təhqiramiz mesajlar yazdı. Hadisədən sonra məktəbə gəldiyim zaman məndən şəkil və şəxsiyyət vəsiqəmi gətirib, təqdim etməyimi istədi. Bazar ertəsi dərsə gəldiyim zaman verəcəyimi dedim. Dərsə gələndə isə o, “otağıma gəlib, məndən üzr istəsin” deyib. Dərs keçdiyim zaman 24 şagirdin qarşısında əlindəki qara kitab ilə başıma vuraraq yaxamdan tutdu və zənginə baxmadığım üçün otaqdan çıxmağımı bildirdi”.

 

Şagirdlərin sözlərinə görə direktor sinifdə müəllimi kitabça ilə vurub: “Direktor sinfə gələrək müəllimi şkafın yanında vurdu. Müəllim yıxıldıqdan sonra isə əlindəki kitabçayla zərbə endirdi”. 

 

Direktor Şahin Məmmədov isə iddiaları təkzib edir: “Şəhla müəllimi səhər otağa çağırdım. Katibə göndərdim, amma gəlməkdən imtina etdi. Daha sonra müavini də göndərdim. Yenə də o, gəlməyəcəyini bildirdi. Soruşduqda “niyə gəlmirsiniz?” Cavab verdi ki, “yaxşı edirəm”. Qışqırıb səs-küy saldı. Hətta məsələ ilə bağlı akt yazmışıq. Heç bir halda müəllimə, xüsusən də qadına əl qaldırmaram”.

 

Ş.Məmmədov qeyd edib ki, ibtidai sinif müəllimi Şəhla Qasımovaya sentyabr ayında da etik davranış qaydalarını pozduğu üçün ona xəbərdarlıq etmişik.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun məsləhətçisi, ictimaiyyətlə əlaqə üzrə məsul şəxs Raminə Məmmədova bildirib ki, direktorun müəllimi döyməsi ilə bağlı məsələ araşdırılır.

 

Qeyd edib ki, məktəbə komissiya göndərilib.