
Müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O hesab edir ki, bu kimi taleyüklü məsələlərin həlli təcrübəli müəllimlərlə yanaşı, gənc pedaqoji kadrların da öhdəsinə düşür:
"Bizim fəaliyyətimizin əsas istiqamətləri birbaşa müəllimlər ordusu ilə bağlıdır. Açıq tipli tapşırıqları yoxlayan markerlər həm öz fənlərini yüksək səviyyədə bilən, həm müasir təlim üsulları və metodologiyaları ilə tanış olan, həm də təşəbbüskar müəllimlərdir. Fənlər üzrə müəllimlik ixtisaslarına qəbul olan abituriyentlərin balına baxsaq, burada biz məhz riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarının siyahıda ilk yerlərdə olduğunu görürük ki, bu da həmin fənlərin buraxılış imtahanında olması ilə bağlıdır".