
Həm dövlət, həm də özəl ali təhsil ocaqlarında müəyyən təhlükəsizlik sistemləri mövcuddur. Tələbələrin və ali məktəb əməkdaşlarının təhlükəsizliyi, məhz bu sistemlər sayəsində qorunur.
Bəs hazırda universitetlərdə bu sistem necə qurulub? Hansı ali məktəblər turniket sistemi ilə təchiz olunub?
AzEdu.az saytı bununla bağlı bir neçə ali təhsil ocağı ilə əlaqə saxlayıb.
UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin bütün tədris binalarında təhlükəsizlik Daxili İşlər Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyət göstərən özəl mühafizə xidmətinin əməkdaşları tərəfindən təmin olunur:
“Universitetin bütün giriş qapılarında mühafizə xidmətinin əməkdaşları dayanır. Ali məktəb əməkdaşları işə gələrkən vəsiqələrini, tələbələr isə tələbə biletlərini göstərərək universitet ərazisinə daxil olurlar. Kənar şəxslər universitetə daxil olmaq istədikdə isə yanına gedəcəyi şəxslə əlaqə saxlanılır və məlumat dəqiqləşdirildikdən sonra, şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək müvafiq buraxılış vərəqəsi ilə universitet ərazisinə daxil olur”.
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova müvafiq olaraq bütün giriş qapılarında, o cümlədən hər korpusda mühafizə xidmətinin əməkdaşlarının dayandığını vurğulayıb:
“Dərsə gələn tələbələr və işçilərdən vəsiqələr tələb olunur. Düzdür, uzun müddətdir işləyən mühafizəçilər artıq tələbələri və yaxud işçiləri tanıyır. Amma umumiyyətlə, hər səhər tələbə biletləri əsas və ya keçid darvazalarında yoxlanılır.
Bəzən tələbənin bileti evdə qalır. Bu, sessiya zamanı da baş verə bilər. Həmin vaxt aidiyyatı dekanlıqların təqdimatı ilə tələbələr imtahana buraxılır və ya univerisitetə girişləri təmin edilir. Kənar yerdən hansısa şəxs universitetə daxil olmaq istəyəndə isə kimin yanına gəlibsə, onunla əlaqə saxlanılıb daha sonra buraxılır”.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirb ki, ali məktəbin təhlükəsizliyi mühafizə polisi tərəfindən qorunur:
“Bütün girişlərdə mühafizəçilər dayanır. Hələlik turniket sistemi quraşdırılmayıb. Perspektivdə turniketlərin quraşdırılması var. Yaxın zamanda binalara turniketlər quraşdırılacaq. İndiyə qədər təhlükəsizliklə bağlı hansısa problem yaşanmayıb. Tələbələrin vəsiqələri hər gün yoxlanılır. İşçilər də öz vəsiqələrini təqdim edərək ali məktəb ərazisinə daxil olurlar. Yarana biləcək problemə qarşı mühafizə xidməti yüksək səviyyədə qurulub. Tələbələrin təhlükəsizliyi bizimçün vacibdir. Hər nə qədər təhsil müəsissəsi olsa da, kənar adamların nə məqsədlə gəldikləri öyrənilir. Boş-boşuna kiminsə əraziyə daxil olması təhlükəsizliyə təhdid sayılır”.
Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev ali məktəbin təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:
“Binanın bütün istiqamətləri təhlükəsizlik kameraları, o cümlədən mühafizə xidmətinin əməkdaşları ilə təmin edilib. Universitetə bir istiqamət üzrə giriş-çıxış aparılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayonu mühafizə polisinin əməkdaşları, eləcə də universitetin daxili mühafizə sistemi giriş-çıxışa nəzarət edir. Universitetə tələbələrin və müəllimlərin giriş-çıxışı kodlaşdırılmış kartla aparılır. Burada turniket fəaliyyət göstərir və kimin universitetə nə zaman girib-çıxması tam şəffaf qaydada görünür. O cümlədən, müəllimlər də bu xidmətdən istifadə edir. Demək olar ki, universitetin bütün binası və koridorları kameralaşdırılıb və ayrıca izləmə otağı ayrılıb. Hər tədris binasında mühafizə sistemi qurulub və bütün binalarda mühafizə əməkdaşları təhlükəsizliyə nəzarət edir. Daxili mühafizə əməkdaşları xüsusi uniforma , ağıllı qələm və radio qurğu vasitələri ilə təmin olunub. Universitet binası hadisə mühafizə düyməsi ilə də təmin olunub”.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova ATU-nun nəznində 5 tədris binası, 6 yataqxana və 4 klinikanın olduğunu vurğulayıb:
“Tədris binası, yataqxanalar və inzibati bina müfazəçilər tərəfindən qorunur. Binalara kameralar və şlaqbaun quraşdırılıb. Klinikalarda nəzarət şöbələri var. Mühafizəçilər sadəcə qapılarda dayanırlar. Hər mərtəbənin girişində isə nəzarət şöbələri var. Turniketlər və şlaqbounlar yanvardan istifadəyə veriləcək”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimovun sözlərinə görə, ali məktəb “Gesko” mühafizə xidməti ilə əməkdaşlığı var:
“Bu, Daxili İşlər Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyət göstərir. Həmin mühafizə xidməti ilə müqavilə imzalamışıq. Bütün korpuslarımızda həmin mühafizə xidmətinin əməkdaşları təhlükəsizliyi təmin edirlər. Universitetin əməkdaşları işə gələrkən vəsiqələrini, tələbələr isə tələbə biletlərini göstərib daxil olurlar. Təhklükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir”.
Xatırladaq ki, çox az sayda ali təhsil müəssisəsi turniket sistemi ilə təmin olunub.