
UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində Rəqəmsal İqtisadiyyat fakültəsinin və Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi-100 müzakirə” silsiləsindən növbəti tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov tədbirin açılışında çıxış edərək bildirib ki, əsası ümummlli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın uğurlu iqtisadi inkişaf strategiyası bu gün özünün yeni mərhələsinə - rəqəmsal transformasiyaya daxil olub. Buna görə də, milli iqtisadiyyatın müasir biliklərə malik mütəxəssislərlə təmin edilməsi qarşımıza qoyulan əsas vəzifələrdən biri kimi qəbul olunur.
Kitabxana İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva “Oxu mədəniyyəti” çərçivəsində keçirilən silsilə tədbirlərin ulu öndərin əbədiyaşar xatirəsinin anılması, eləcə də tələbələrin mütaliəyə marağının artırılması məqsədilə təşkil edildiyini bildirib.
UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədova isə kitabxananın həyata keçirdiyi layihələrdən bəhs edərək, Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələrini könüllülük fəaliyyətində fəal olmağa dəvət edib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.