
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən məktəblərdə metodik xidmətin təşkili ilə əlaqədar metodist hazırlığı istiqamətində keçirilən təlimlərin son mərhələsinə başlanılıb.
İnstitutdan AzEdu.az-a bildirilib ki, əsasən praktik formada təşkil edilən təlimlərin budəfəki müzakirə mövzusu “Diferensial yanaşma” və “Sinfin idarə olunması” olub. Təlim prosesində müdavimlərin tənqidi və yaradıcı düşünmə bacarıqları, yaradılan situativ problemlərə yanaşmaları, bunun əsasında problem həlletmə bacarıqları və fikrin arqumentlərlə əsaslandırılması məsələlərinə diqqət yetirilib.
Müdavimlər sinfin idarə olunması ilə bağlı tədris prosesində rastlaşdıqları çətinlikləri bölüşüb və onların aradan qaldırılmasına dair mümkün həll yollarını təklif ediblər. Təlim zamanı, həmçinin sinfin effektiv idarə olunmasının öyrənmə prosesinə təsiri barədə geniş müzakirələr aparılıb.
Təlim prosesində müəllimlər, həmçinin hər bir şagirdin fərdiliyi haqqında müzakirələr aparıb, müxtəlif intellekt tipinə sahib məktəblilər üçün tapşırıq nümunələri hazırlayıblar. Müdavimlər praktiki və situativ tapşırıqlarla yanaşı, bu səriştələrin dərs prosesində tətbiqini də yerinə yetiriblər.