Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-23 16:50:36
UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyənin Hacəttəpə Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də işgüzar səfərdə olub.

 

AzEdu.az xəbər verir ki, Türkiyəli nümayəndə heyəti öncə rektor, professor Ədalət Muradovla birlikdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının Memorial Abidə Kompleksini ziyarət ediblər.

 

Sonra müvafiq struktur rəhbərlərinin iştirakı ilə tərəflər arasında görüş keçirilib.

 

Görüşdə Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi, elektron kitabxanaların inteqrasiyası, akademik və inzibati idarəetmənin daha da təkmilləşdirilməsi barədə müzakirələr olunub. Eyni zamanda UNEC-in sədrliyi ilə Bakıda yanvar ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyinin (TÜRKUNİB) Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Rektor Prof.Dr. Mehmet Cahit Güran Hacəttəpə Universitetinin TÜRKUNİB-ə üzv olmasının nəzərdə tutulduğunu bildirib.

 

Müzakirələrin sonunda UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq haqqında memorandum imzalanıb.