_726.jpg)
Şagird-müəllim münasibəti, həmçinin məktəblilərin bir-biri ilə davranışı təlim-tədris prosesinin əsas tərkib hissəsidir. Tədris prosesində xoşagəlməz məqamların yaşanmaması, şagirdlərin qeyri-etik davranışları gündəmdən düşməyən mövzulardan biridir. Bir çoxları tərəfindən qeyd olunur ki, gənclərimizə mədəniyyətimiz doğru şəkildə aşılanmır.
Bəs, görəsən şagirdlərdə mədəniyyət və incəsənətin formalaşması üçün məktəblər nə kimi addımlar atmalıdır?
Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov bildirib ki, günümüzdə nəinki, məktəblərdə, hətta məktəbəqədər və məktəbə hazırlıq qruplarında belə təhsil tərbiyəni üstələyir:
“Antik filosoflar yaxşı vətəndaş yetişdirmək üçün savaddan daha çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq, eyni zamanda tərbiyənin insanlarda olan qabiliyyətləri inkişaf etdirməyin doğru olduğunu vurğulayıblar. Bu gün tərbiyə bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində mühüm rola malikdir”.
Mütəxəssis qeyd edib ki, məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən muzey, teatr kimi studiyaların təşkilinə yer verilməlidir:
“Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb.Bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, muzey, teatr və sərgilərin meyl və maraq üzrə dərnək və məşğələlərin eyni zamanda klub və studiyaların təşkilinə və tədbirlərin həyata keçirilməsinə diqqət yetirmək lazımdır. 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyi bir o qədər də inamlı təsir bağışlamayacaq. Buna görə də təlimdən öncə tərbiyə əsasdır”.
Son olaraq N.İsrafilov söyləyib ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməsə, məktəblər də bir o qədər problemlərlə üz-üzə qalacaq:
“Təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur. 2006 – ildə Azərbaycan Respublikasında ümumtəhsil Konsepsiyası ( Milli Kurikulum) sənədi qəbul edildi. Buna müvafiq Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyasını təsdiq etmişik. Kurikulum sənədində xüsusi olaraq vurğulamışıq ki, ənənəvi təhsil proqramlarının bilik yönümlü olmasından fərqli olaraq kurikulumlar şəxsiyyət yönümlüdür. Hesab edirəmki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə, habelə məktəblərdə baş verən bəzi xoşagəlməz olayların qarşısını almaqda problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq”.