
Dekabrın 28-də Milli Məclisin Kitabxanasında parlamentin Aparatında hazırlanmış “Qanunvericilik lüğəti” adlı ikicildlik kitabın təqdimat mərasimi keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin ilk dəfə olaraq belə bir lüğəti ərsəyə gətirdiyini qeyd edib, nəşrin milli qanunvericiliyimizə böyük töhfə olacağını vurğulayıb. Bildirib ki, bu lüğət həm deputatlar, həm ictimaiyyət, həm də müəllim və tələbələr üçün çox əhəmiyyətli bir vəsait olacaq.
Sonra çıxış edən kitabın elmi redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib ki, əvvəlkilərdən fərqli olaraq, bu lüğətdə qanunlarda istifadə edilmiş terminlərin və anlayışların dəqiq izahı verilir. Lüğətdən istifadə edən hər bir şəxs anlayışın qanunda olduğu kimi izahını görə biləcək. Təxminən iki ilə yaxın müddətə hazırlanan bu kitabda 2023-cü il aprelin 1-dək qəbul olunmuş qanunlarda istifadə edilmiş termin və anlayışlar əksini tapıb. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev Ali Sovetin sədri seçildikdən sonra əsasını qoyduğu qanunvericilik sistemimizdə istifadə olunmuş anlayışların böyük əksəriyyətinin bir kitabda toplanması çox mütərəqqi haldır.
Təqdimat mərasimində Milli Məclisin hüquqşünas deputatları adından çıxış edən deputat Elşən Musayev bu kitabı hüquq ictimaiyyəti üçün böyük töhfə kimi dəyərləndirib. O bildirib ki, bu lüğət hüquq sahəsində bir sıra suallara aydınlıq gətirir.
Nəşrin rəyçiləri - BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova lüğətin Hüquq fakültəsinin müəllimləri və tələbələri üçün də dəyərli vəsait olduğunu qeyd ediblər.
Tədbirdə çıxış edən kitabın tərtibçisi, Milli Məclis Aparatı rəhbərinin xidmətinin Kodifikasiya sektorunun müdiri Lalə Ramazanzadə lüğət barədə ətraflı məlumat verib. O bildirib ki, bu lüğətin məqsədi qüvvədə olan qanunvericiliyin terminoloji tərkibi haqqında tam şəkildə məlumat vermək və qanunvericiliyin sistemləşdirilməsi istiqamətində aparılacaq işlər üçün təməl qoymaqdır. Kitab kifayət qədər geniş normativ hüquqi bazaya malikdir və demək olar əksər qanunvericilik aktlarını əhatə edir.
Qeyd edək ki, kitabın ideya müəllifi Milli Məclisin sədri, professor Sahibə Qafarova, layihə rəhbəri Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, redaktoru isə parlament Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayevdir.