
Leyla İbrahimova yazır...
Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasın. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu gün uğurla davam etdirdiyi güclü dövlət qadın siyasəti nəticəsində Azərbaycan qadını ölkənin ictimai-mədəni-sosial həyatının fəal iştirakçısına çevrilib. Tarixən Azərbaycan qadını həmişə öz iradəsi, mərdliyi, sədaqəti, ailəyə, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında əhəmiyyətli rol oynayıb. Azərbaycan qadını bu gün təkcə sədaqətli, ləyaqətli həyat yoldaşı deyil, həm də görkəmli ictimai xadimdir, təmsil olunduğu bütün sahələrdə özünü peşəkar mütəxəssis kimi təsdiqləyən, kişilərlə çiyin-çiyinə mübarizə aparan silahdaşdır.
Ölkəmizdə qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlər göz qabağındadır. Azərbaycanda məqsədyönlü gender siyasətinin həyata keçirilməsi, bu sahəyə aid xüsusi Dövlət Proqramının qəbul olunması Prezident İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğısının təzahürüdür. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial- iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Bütün bu nailiyyətlər Azərbaycan qadınlarının özünü cəmiyyətdə təsdiq etməsi, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün geniş imkanlar yaradır. Həyata keçirilən səmərəli gender siyasəti Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açılmasına möhkəm zəmindir. Bu gün Azərbaycan qadını ölkəmizin milli maraqlarının qorunması, xalqımızın adət- ənənələrinin, dəyərlərimizin dünyada təbliğ olunması istiqamətində ciddi iş aparır. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, gördüyü işlər hər birimiz üçün örnək təşkil edir.
18 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində keçirilən Azərbaycan qadınlarının VI qurultayının iştirakçılarına ünvanladığı məktubda ölkə başçısının yazdıqları da qadınlara verilən dəyərin yüksək təcəssümüdür: “Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar
analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir”.
15 dekabr 2023-cü il tarixdə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında mən də nümayəndə kimi iştirak edirdim. Düşünürəm ki, qurultaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubu təkcə təbrik yox, həm də biz təhsil işçilərinin qarşısına qoyulan vəzifədir, proqramdır: “İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar”.
Alın açıqlığı ilə vurğulamaq istəyirəm ki, Azərbaycan qadını ona verilən dəyəri həmişə layiqincə doğrultmağa çalışıb. Bunu çalışdığım Lənkəran Dövlət Universitetinin nəzdində olan Sosial və Aqrar Texnoloji Kollecin timsalında aydın görmək olar. Kollecdəki tələbə və müəllimlərin, işçi heyətinin əksəriyyətini qadınlar təşkil edir. Son illərdə təhsilin modernləşdirilməsi, şəffaflaşdırılması
istiqamətində məqsədyönlü iş aparırıq və bu istiqamətdə qazandığımız uğurlarda kollektivimizin qadın üzvlərinin zəhməti danılmazdır. Amalımız tələbələri Azərbaycançılıq ideologiyası ilə tərbiyə etmək, onlara vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunu aşılamaqdır. Torpaqlarımızın bütövlüyü uğrunda kollecimizin 3 tələbə və məzununun şəhid, onlarla məzunumuzun Qarabağ müharibəsi iştirakçısı olması dediklərimizin əyani sübutudur. Bu faktın özü kollecimizdə gənclərin Azərbaycanın dövlətçilk ənənələrinə sadiq tərbiyə olunmasının bariz təzahürüdr.
Kollektivimiz ölkəmiz üçün olduqca vacib və taleyüklü günə-7 Fevral Növbədənkənar Prezident Seçkilərinə mütəşəkkilliklə hazırlaşır. Həmin gün hamılıqla seçki məntəqələrinə gedib seçki hüququmuzdan istifadə edəcək, layiqli namizədimizə səs verəcəyik. Seçimimiz xalqımıza Zəfər sevincini yaşadan, uğurlarımızın təminatçısı olan İlham Əliyevdir!
Leyla İbrahimova
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecin direktoru