Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 12:17:00
Beynəlxalq konfransda Azərbaycanda mərkəzləşdirilmiş imtahan təcrübəsi barədə məlumat verildi

Tacikistanın paytaxtı Düşənbədə “Təhsilin müxtəlif səviyyələrində keyfiyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a  bildiriblər ki, Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Avrasiya Assosiasiyasının 7-ci illik konfransı bu qurumun və Tacikistan Respublikasının Prezidenti yanında Milli Test Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Assosiasiyaya üzv ölkələrin, MDB ölkələri üzrə mütəxəssislərin, təhsildə keyfiyyətin qiymətləndirilməsi ilə məşğul olan müxtəlif beynəlxalq təşkilat və agentliklərin əməkdaşlarının qatıldıqları tədbirdə Azərbaycan Dövlət İmtahan Mərkəzinin yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Konfransda əsas etibarilə təhsilin müxtəlif səviyyələri – məktəbəqədər, orta və ali təhsil üzrə keyfiyyətin qiymətləndirilməsi məsələləri müzakirə olunub. Sessiyalarda təhsilin müxtəlif səviyyələrində qiymətləndirmə zamanı tətbiq edilən alətlər, onların səmərəliliyi, mövcud çətinliklər, yoxlama-ölçmə zamanı müvafiq qiymətləndirmə formasının istifadə olunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Azərbaycanda mərkəzləşdirilmiş imtahanların keçirilməsi təcrübəsi, DİM-də son illər qiymətləndirmə sahəsində tətbiq olunan yeniliklər və digər məsələlər haqqında təqdimatlarla çıxış ediblər.