Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 08:39:27
Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist Rəhman Məmmədzadə (Orxan) vəfat etdi.

 

Bu barədə AzEdu.az-a Sumqayıt Tibb Mərkəzinin Mətbuat katibi Ramil Zeynallı məlumat verib.

 

Bildirilib ki, əməkdar jurnalist Rəhman Məmmədzadə bu axşam dünyasını dəyişib.

 

Xatırladaq ki, Rəhman Orxan uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkirdi.

 

Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982-83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y.Məmmədəliyev adına Azər­baycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb.

1971-79-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan «Metallurq» qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə «Vışka» qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər «Vışka» qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib.

 

Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra  məqalələrlə respublika qəzetlərində çıxış edib.

 

2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
 

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.


 

Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.

 

Rəhman Orxan Modern.az saytı ilə də əməkdaşlıq edirdi.

 

Allah rəhmət eləsin.