Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 14:50:00
Məşhur dünya şirkətində işləyən gənc azərbaycanlı cütlüyün həyat hekayəsi – Ofisiantlıqdan proqramçılığa gedən yol

“Burada şirkət işçinin işlədiyi saatın kəmiyyətinə deyil, keyfiyyətinə fokuslanır. Onun masa arxasında neçə saat oturmasına deyil, nə kimi keyfiyyətli işlər görməsinə önəm verirlər. Bunun nəticəsidir ki, işçilərə özünü inkişaf etdirməsi üçün lazımı vəsait  ayrılır”.

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı dünyanın nəhəng kompüter şirkətlərindən biri olan IBM-də çalışan azərbaycanlı Kamran İbiyev deyib.

Dünyanın 170-dən çox ölkəsində ofisi olan, ilk transmilli kompüter şirkəti hesab edilən IBM kompüter texnologiyaları sahəsində satış həcminə görə dünya lideridir.

“ABŞ-da kodlaşdırmanın artıq orta  məktəb vaxtından məcburi tədris olunması müzakirə edilir. Belə bir dövrdə məktəblərimizdə İnformatika dərsinin çox ciddiyə alınmaması ürəkaçan deyil”.

Həmvətənimiz müsahibə zamanı uğurlu karyerasına gedən yolda üzləşdiyi çətinliklərdən danışıb.

O, 1991-ci ildə orta gəlirli bir ailədə anadan olub. Orta təhsilini Bakının Əmircan qəsəbəsində yerləşən 84 nömrəli orta məktəbdə alıb. Məktəb illərində bəzi maddi çətinliklərlə üzləşən Kamran İbiyev ailəsinə dəstək olmaq üçün 15 yaşından  ofisiant işləməyə başlayır. Universitetə repetitorun köməyi ilə hazırlaşmaq qərarına gəlsə də, hazırlıq pulunu ödəyə bilmək üçün işləməli olur. İşlə əlaqədar hazırlıqda verilən ev tapşırıqlarını həll etmək üçün güclə vaxt tapan Kamran bəy çətinliklərə baxmayaraq, dövlət xətti ilə tam təqaüdlü Ankarada yerləşən Qazi Universitetinə qəbul olunur:

“Mənim universiteti qazandığım ildə bu təqaüdə sadəcə 48 nəfər layiq görülürdü və onlardan biri olmağı bacardım. Maraqlısı budur ki, həmin 48 nəfər arasında  yalnız mən təqaüdü orta məktəbdən məzun olaraq qazana bilmişdim. Digər 47 nəfərin hər biri özəl lisey məzunları idi”.

Bütün çətinlikləri dəf etsə də, tələbə adını qazandığı il atasının vəfat etməsi onu çox sarsıdır:

“Bu, mənim üçün çox böyük zərbə oldu. Hətta təhsilimdən imtina edib Türkiyəyə getməməyi düşündüm. Amma anam israrla təhsil almağımı istədi.

Beləcə, kədərli bir keçmişi arxada buraxaraq, işıqlı gələcəyə doğru ilk addımı atdım; Oxumağa yollandım... Qarşıda Türkiyənin ən böyük universitetlərindən sayılan Qazi Universiteti və oradan başlanacaq gələcək var idi...

Dayanmadan oxuyurdum,  universitetdən aldığım təqaüdümü yığır, bir hissəsini evə göndərirdim. Həmişə ailəmə faydalı olmağa çalışmışam”.

Kamran İbiyev Ankarada təhsil aldığı müddətdə diaspor işləri ilə yaxından məşğul olur. 2014-cü ildə Türkiyə-Azərbaycan Tələbə Birliyini (TATB) yaradır:

“Bir cox tədbir və fəaliyyətlə yadda qalmışıq. İlk ilimizdə Əhməd Cavadın 122 illik yubileyi ilə bağlı tədbir, “Nə? Harada? Nə zaman?” bilik yarışı və Şahmat turniri, 9 noyabr -Dövlət Bayrağı Günü ilə bağlı flaşmob, 20 Yanvar “Şəhidləri anma” tədbiri, Respublika Günü, 12-dən çox ölkə gənclərinin iştirak etdiyi Xocalı soyqırımı “Türk olmanın bedeli Xocalı” adlı tədbir keçirdik. Tədbirlərlə yanaşı yardıma ehtiyacı olan həmyerlilərimizə hər zaman tələbə birliyi olaraq dəstək olmağa çalışırdıq”.

Daha sonra o, Macarıstanın texniki fənlər üzrə ən yaxşı universiteti hesab edilən Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinə tam təqaüdlü qəbul olunaraq təhsilini orada davam etdirir.

Kamran  hazırda İBM (International Business Machines) şirkətinin Budapeşt ofisində çalışan azsaylı azərbaycanlılardan biridir.

Bəs çoxlarının arzuladığı bu karyeraya gedən yol haradan başlandı?

Müsahibin sözlərinə görə, Budapeştdə magistratura təhsili alması onu uğurlu karyeraya daha da yaxınlaşdırıb. Təhsil aldığı müddətdə isə internet üzərindən və əmək  yarmarkalarına gedərək təcrübə keçmək üçün iş yerləri axtarıb.

Təbii ki, bir çox gənc kimi iş yerlərindən ya rədd cavabı alıb, ya da ümumiyyətlə cavab almayıb. Amma çox iş yerlərində müsahibədən keçməsi, ona bu zaman necə davranmaq, qarşı tərəfin nəyə fikir verməsi ilə bağlı əməlli-başlı təcrübə qazanıb.

“Burada işçilərə özünü inkişaf etdirməsi üçün maliyyə ayrılır”

“IBM şirkətinə işə qəbul olunarkən  hansı nüanslara diqqət ayırmanız bu dəfə müsbət cavab almanıza səbəb oldu?” sualına isə Kamran bəy belə cavab verib:

“O vaxtlar tələbə olduğuma görə daimi iş deyil, təcrübə üçün müraciət edirdim. İşə müraciət edərkən, hakim olduğum proqramlaşdırma dilləri, bulud texnologiyalarını, bakalavr  və magistr təhsili alarkən yazdığım proyektləri göstərdim.

Bundan əlavə, bakalavr zamanı İngiltərənin Mançester şəhərində özəl şirkətdə proqramçı olaraq fəaliyyətimi, 1 il Ankarada liseydə təcrübəçi  olaraq proqramlaşdırma üzrə müəllimlik təcrübələrimi qeyd etmişdim. Bakalavr və magistratura təhsilimin də kompüter elmləri ilə bağlı olması da şansları artıran səbəblərdən idi. Təbii ki, bunlar hamısı ilkin mərhələni keçmək üçün idi. İkinci mərhələ isə onlayn imtahan verməli idim. 2  saatdan daha uzun çəkən bu  imtahandan uğurla keçəndən sonra menecer və baş mühəndislə üz-üzə müsahibə imkanı qazandım. Bu mərhələni də uğurla başa vurduqdan  sonra tələbəliyimin 2-ci kursunda təcrübəçi olaraq işləməyə başladım.

Hazırda IBM-in Budapeşt ofisində işləyirəm. Bildiyim qədərilə burada bizdən əlavə 3 həmvətənimiz işləyir”.

Aydındır ki, əcnəbi universitetlərə təqaüdlü qəbul üçün  xeyli tələbə müraciət edir. Maraqlıdır, hər iki təhsilini təqaüdlə qazanan Kamran bəy niyə məhz onu seçdiklərini düşünür?

“Bəli, oxuduğum bütün təhsil pillələri təqaüdlü olub. Bakalavr təhsili üçün müraciət etdikdə çətin imtahan tətbiq olunur, ən yaxşı nəticə göstərən 48 nəfər qəbul olmuş sayılırdı.

Magistraturaya təqaüdlü qəbul zamanı isə müsabiqə bir neçə mərhələli idi. İlk mərhələdə CV və digər sənədlərlə müraciət olunurdu. Bu mərhələdə bakalavr zamanı göstərdiyin nəticələr, keçmiş uğurlar, xarici dil sertifikatı, iştirak etdiyin proyektlər, seçilən ixtisasın təhsil keçmişinə uyğun olması, ixtisasın Azərbaycan Respublikası üçün prioritet olması və s. kimi kriteriyalar nəzərə alınırdı.

İkinci mərhələdə müraciət etdiyimiz universitet bizi onlayn imtahan və ya müsahibə edərək seçdi.

Üçüncü mərhələdə isə Azərbaycan Təhsil Nazirliyi bizi dəvət edib intervyu edirdi. Bütün bu mərhələlərdən uğurla keçib təqaüdlü təhsil əldə edə  bildim.

Düşünürəm ki, təhsil və iş təcrübəm, dil bilgim, iştirak etdiyim proyektlər  və ən əsası müsahibələrdə uğurlu çıxışım uyğun namizəd kimi seçilməyimdə əsas rol oynayıb”.

Bir neçə ölkədə iş təcrübəsinə sahib olan həmvətənimiz Azərbaycan əmək bazarını xarici ölkə təcrübələri ilə müqayisə edərkən bizim gənclərin universiteti bitirdikdə iş tapmaqda çətinlik çəkməsi məsələsinə də toxunub:

“Burada təcrübəçi kimi işə başlayan tələbələrə həm əməkhaqqı, həm də iş saatlarını özü seçmək azadlığı verilir”

“Əsas fərqlərdən biri burada şirkətin işçinin işlədiyi saatın kəmiyyətinə deyil, keyfiyyətinə fokuslanmasıdır. Burada işçinin masa arxasında neçə saat oturmasına deyil, nə kimi keyfiyyətli işlər görməsinə önəm verirlər. Həmin bu önəmin nəticəsidir ki, işçilərə özünü inkişaf etdirməsi üçün sərmaye ayrılır.

Məsələn bizim şirkətdə ildə 40 iş saatı məcburi öyrənmə saatı kimi tətbiq olunur. Yəni, burada iş saatları təkcə işləmək üçün deyil, həm də öyrənmək, ixtisası üzrə baş verən yeniliklərdən xəbərdar olmaq və bunu işinə tətbiq edə bilmək üçündür. Hətta şirkətin özünün öyrənmə portalında onlayn kurslar var. Bu kursları uğurla başa vurduqda şirkət işçiyə maaşından əlavə pul verir. Qısası, işçinin öyrənib özünü inkişaf etdirməsi üçün əlavə maaş verilir.

Bundan əlavə, müdirlərin işçilərə müdir kimi deyil, dost kimi davranışı da insanın  işə sevgisini artırır”.

İş həyatından uzaq şəkildə ortada qalan gənclər…

“Azərbaycanda bir çox iş yerində təcrübə keçən tələbələrə əmək haqqı verilmir. Bu, tələbələrin təcrübə keçməyə marağını öldürür. Nəticədə isə tələbə məzun olduqda heç bir praktiki bilgisi olmadan, iş həyatına çox uzaq  şəkildə ortada qalır. Burada isə təcrübəçi kimi işə başlayan tələbələrə həm əməkhaqqı, həm də iş saatlarını özü seçmək azadlığı verilir. Buna görə də tələbə dərslərini axsatmadan təcrübə keçir. Məzun olduqda isə artıq karyerası ilə bağlı qərarını verən, iş həyatına tam hazır bir fərd olur”.

“Yalnız universitet bilgiləri ilə uğur qazanmaq mümkünsüzdür”

Çoxları düşünür ki, yalnız Azərbaycandakı təhsillə yüksək səviyyəli mütəxəssis kimi yetişmək mümkün deyil. Kamran bəyin fikrinə görə isə tələbənin həvəsi və özünü inkişaf etdirmək istəyi öndə gəlir:

“Bu istək güclüdürsə, internet vasitəsilə dünyanın istənilən universitetində oxuyan  tələbədən daha çox məlumat əldə etmək, özünü daha çox inkişaf etdirmək mümkündür. Təbii ki, bu dediklərim ixtisasa görə dəyişə bilər. Məsələn tibb, mühəndislik kimi sahələr üçün praktika mütləqdir və universitetin buna nə qədər şərait yarada bilməsi vacib amillərdən sayılır. Ali təhsil müəssisəsinin tələbələri kifayət qədər çağdaş və çeşidli resursla təmin etməsi də vacibdir. Azərbaycanda təhsil alan bir çox tanışlarımdan öz dilimizdə resurs və praktiki bilgi cəhətdən çatışmazlıqlar olduğunu eşitmişəm.

Digər fərqlilik isə buradakı universitetlərin doktorantura tələbələrinə sırf konfranslarda iştirak edib məqalələrini çap etdirməsi üçün illik büdcə ayırmasıdır. burada təhsil alan bütün tələbələrin yüksək reytinqli jurnalların databazalarına sərbəst giriş və istifadə haqqı var. Bu da tələbənin resurs baxımından əziyyət çəkməməsinə, daha rahat və keyfiyyətli araşdırmalar aparmasına gətirib çıxarır”.

Onun sözlərinə görə, universitet bәlli bir sahәnin tәmәl bilgilәrini öyrәdir. Yalnız bu təməl bilgilərlə uğur qazanmaq mümkünsüzdür. Tələbə bunlarla kifayətlənməyib özünü inkişaf etdirməlidir:

“Bunu onlayn kurslar, veb portallar və ya kurslar ilə edə bilərlər. Düzdür, universitet sistemindəki boşluqların da tələbəyə təsiri ola bilər. Amma dünyanın hər yerində universitetdə verilən bilgilərlə kifayətlənmək yetərli deyil”.

Kamran İbiyev Azərbaycanda İT sektorunun mövcud vəziyyətindən danışmağa elə orta məktəblərdəki İnformatika fənnindən başlayıb:

“Düşünürəm ki, Azərbaycanda IT sahəsində kifayət qədər keyfiyyətli və uğurlu mütəxəssislər var. Amma ABŞ-da kodlaşdırmanın artıq məktəb vaxtından məcburi tədris olunması müzakirə olunduğu dövrdə, bizim məktəblərdə İnformatika dərsinin çox ciddiyə alınmaması ürəkaçan deyil. Bu sahə uşaqlara ciddi öyrədilməlidir.

Dünya bazarına IT məhsul çıxara bilmək üçün keyfiyyətli mütəxəssisləri bir araya gətirmək və büdcə lazımdır. Bunun üçün isə obyektiv qərarlar verilən startuplar təşkil edilməli, bu sahəyə həvəsli investorlar dəvət olunmalıdırlar”.

“IBM əməkdaşının bir günü necə keçir?” sualını isə Kamran bəy belə cavablayıb:

“Bizim şirkətdə iş saatları daşa yazılmış kimi standart deyil. Həftəlik 40 saatı tamamlamaq əsas qaydadır. Məsələn səhər tez gəlib, axşam gec gedə və ya əksini edə bilərsiniz. Bundan əlavə həftənin bir gününü evdən işləmək haqqı verilir. İş mühiti isə çox səmimi, təbəssüm və zarafatla doludur”.

IBM-dәn daimi iş təklifi alan azərbaycanlı xanım

Qeyd edək ki, Kamran bəy IBM şirkətində çalışan yeganə azərbaycanlı deyil. Onun xanımı Sevinc Ömərli də eyni yerdə çalışaraq müxtəlif uğurlara imza atıb.

Onlar  2013-cü ildə universitetin Kapadokya gəzintisi zamanı təsadüfən tanış olublar. Azərbaycan Dövlət İqtisad Universitetini bitirən Sevinc xanım o vaxtlar Qazi Universitetində MBA üzrə təhsil alırdı. 

Onların birgə yolları da elə bundan sonra başlayır…

Kamran bəy hərbi xidmətdə olarkən Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin tələbəsi adını qazanır.

2016-cı ildə onlar ailə qururlar. Bundan sonra təhsillərini Macarıstanda davam etdirirlər. Bu müddət ərzində önəmli konfranslarda iştirak edən Sevinc xanım  IBM-dən daimi iş təklifi alır. Hazırda o bu şirkətdə biznes analitik, Kamran bəy isə kompüter mütəxəssisi kimi çalışır:

“Bundan sonra Sevinclə birlikdə planlar qurub onları reallaşdırmağa başladıq. Mən hərbi xidmətdə olarkən o artıq mənim üçün universitetlərə müraciət etmişdi və əsgərlikdən məzuniyyətə gələndə intervyudan keçib təqaüdlü təhsili qazanmışdım.

Mən Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində təhsilə başlayanda Sevinc Budapeşt Korvinus Universitetində doktorantura təhsilinə başladı.

Sevinclə hər zaman bir-birimizə mənəvi və fiziki dəstək oluruq. Bizi uğurlu edən də məncə güclərimizi birləşdirməyimizdir…”

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları