
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayinin “Günəş sisteminin planetləri” kitabı Latviya Respublikasında (“Lambert” nəşriyyatı) çap olunub.
Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, kitabda Mars planetinin öyrənilməsində əvəzsiz rolu olmuş Nadir İbrahimovun apardığı elmi-tədqiqat işlərinə geniş yer verilib.
Nəşrə N.İbrahimovun Marsın inteqral spektrofotometrik və yüksək dispersiyalı spektral tədqiqatlarının nəticələri, ilk dəfə planetin ən böyük miqyaslı təsvirinin alınması, Veneranın qaranlıq tərəfində şüalanma xətlərinin müşahidəsi, onun atmosferində dərin qatların görünməsi və digər tədqiqatların nəticələri daxil edilib. Nəşrdə, həmçinin nəhəng planetlərin atmosferinin və onların peyklərinin ŞAR-da tədqiqi zamanı alınan mühüm elmi nəticələr haqqında ətraflı məlumatlar yer alıb.
Kitab planetlər fizikası ilə məşğul olan doktorant və magistrantlar üçün nəzərdə tutulub.