_384.jpg)
Son günlər sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində imtahanların çətinləşməsi ilə bağlı xəbərlər yayılıb.
Universitet bu xəbərlərə aydınlıq gətirmək üçün rəsmi məlumat yayıb.
AzEdu.az məlumatı təqdim edir:
Əziz tələbələr! Sosial şəbəkələrdə, xüsusilə İnstaqramda universitetin bu günkü reallığına uyğun gəlməyən, məsələnin qoyuluşunu düzgün başa düşməyərək, yanlış verilən şərhlərlə əlaqədar aşağıdakıları nəzərinizə çatdırırıq.
Ölkəmizdə ali təhsil kredit sistemi əsasında təşkil olunur. Bir kredit 30 saata bərabər olsa da bu saatların müəyyən hissəsi (ən yaxşı halda 50%-i) – fənnin proqramı və sillabusuna daxil olan mövzular auditoriyada müəllim tərəfindən aktiv tədris olunur, digər hissəsi isə - fənnin proqramına daxil olan, lakin sillabusa daxil olmayan mövzuları tələbə tərəfindən müstəqil mənimsənilməlidir.
Hazırda ADNSU-nun Unibook sisteminə hər bir tədris olunan fənn üzrə professor-müəllim heyəti tərəfindən yerləşdirilmiş 5 kontent – Word formatında sillabus, mühazirə konspekti, imtahan sualları, dərs vəsaiti və PowerPoint formatında müəllimin təqdimatı bu materialları tam mənimsəyən hər bir tələbəyə 80%-lik nəticə almağa imkan verir.
Fənnin yekun imtahanından A və B qiymətinə uyğun nəticəni yalnız fənnin proqramına daxil olan, lakin sillabusa daxil olmayan mövzuları sərbəst mənimsəyən tələbələr qazana bilərlər. Bu isə tələbəni fənni tam mənimsəməyə kökləməklə yanaşı, biliyinin tam obyektiv qiymətləndirilməsi üçün olduqca gözəl şərait yaradır.
Nəzərə alsaq ki, ÜOMG 71 bal və daha artıq olan bakalavrların işə düzəlmə prosesini universitet öz üzərinə götürür, bu halda onların təhsil keyfiyyətinə də cavabdehlik daşıyır. Təhsilin keyfiyyəti isə tələbənin yalnız auditoriyada məşğul olması ilə deyil, həm də auditoriyadan kənar məşğul olması ilə təmin oluna bilər.
Bir sıra fənlərdən imtahan biletləri tərtib edilərkən hər biletə 2 - 3 nəzəri sualla yanaşı, 3 - 2 praktiki xarakterli sual (məsələ həlli) salınır. Bir sıra fənlər üzrə isə imtahan biletinə 5 nəzəri sualın salınması tələbələrdə praktiki vərdişlərin formalaşmasına mane olurdu. Tələbələri kamil mütəxəssis kimi yetişdirmək məqsədi ilə cari tədris ilindən etibarən imtahan biletinin 5-ci sualı (yəni çətinlik dərəcəsinə görə ən çətin olanı) tələbələrin sillabusdan kənar mövzular üzrə hazırladıqları təqdimat mövzularından salınacaqdır. Bunun anonsu universitetimizin rektoru, professor Mustafa Babanlı tərəfindən cari ilin mart ayında verilmiş və eksperiment kimi ilk dəfə 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında İqtisadiyyat və menecment fakültəsində sınaqdan çıxarılıb. Nəticələr hərtərəfli araşdırılaraq, aşkar edilmiş qüsurlar aradan qaldırıldıqdan və təkmilləşdirmə işləri başa çatdıqdan sonra bu mexanizmin bütün fakültələrə şamil edilməsi barədə qərar qəbul edilib.
İmtahan biletində 1* – 4* suallarla yanaşı 5* sual yerində “təqdimat mövzuları üzrə” ifadəsi yazılacaqdır. 5* sualların sayı fənnin kreditinə görə müəyyən edilən ümumi suallar sayının 15 qədər olmalıdır. Bu suallar müəllim tərəfindən semestrin sonunda tələbələrin yerinə yetirdikləri təqdimat mövzularından seçilir, tələbələrə elan edilir və tələbələrin sayı qədər nüsxələnərək ayrıca vərəqdə çap olunmaqla, imtahan qovluğuna yerləşdirilir. 5-ci sual yazılı-şifahi imtahanda fənn müəllimi tərəfindən, yazılı imtahanda isə nəzarətçi müəllim tərəfindən qovluqdan götürülərək tələbəyə təqdim olunur, lakin nəzərə alınmalıdır ki, tələbənin öz təqdimat mövzusu imtahan zamanı ona verilə bilməz. Yüksək qiymət almaq istəyən tələbələr bu mövzular barədə lazımi bilikləri qazanmaq üçün mütləq qrup yoldaşlarının təqdimatlarında iştirak etməli olacaqlar, əks halda materialı sərbəst mənimsəməlidirlər.