
Bu gündən etibarən 2023-2024-cü tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinə (TTK) qeydiyyat başlanıb.
Bu barədə AzEdu.az-a Təhsil Tələbə krediti Fondundan məlumat verilib.
Bəs, kimlər, necə müraciət edə, hansı güzəştləri əldə edə bilər?
Qeyd edək ki, Tələbə təhsil krediti sosial və standart olmaqla 2 növə bölünür.
Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilərlər.
Hansı tələbələr Sosial TTK-dən istifadə etmək hüququna malikdirlər?
Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 3-cü qrup əlilliyi olanlar; Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər; Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs): - orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar; - işsiz kimi rəsmi qeydiyyatlıdırsa; - yaşa görə əmək pensiyası alırsa; - yaşa görə sosial müavinət alanlar sosial TTK-dən istifadə edə bilərlər.
Hansı tələbələr Standart TTK-dən istifadə etmək hüququna malikdirlər?
Tələbənin ikinci semestr üzrə standart TTK alması üçün semestrlərdə ÜOMG-si 71 və yuxarı bala malik olmalı və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəməlidir.
Qeyd edək ki, tələbənin kredit alması üçün əvvəlki semestr üzrə hər hansı bir fənn üzrə tələbənin akademik borcu olmamalıdır.
Bəs, görəsən, ikinci semestr üçün tələbə krediti almaq istəyənlərə nə kimi güzəştlər tətbiq olunur?
Sosial növdə əvvəlki semestdə ÜOMG-si 71, Standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır.
Bundan əlavə bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nin 50 faizi, Standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur.
Qeyd edək ki, bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.
Qeydiyyatdan keçmək istəyən tələbələr aşağıdakı linkə daxil ola bilərlər:
https://www.e-ttkf.edu.az/account/login/?ReturnUrl=%2f