Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 11:56:17
Qocaman pedaqoq müəllimləri tənqid etdi – “Bu təhsildən nə gözləyirsiniz?!”

“Yuxarı siniflərdə 30 şagird varsa, oların cəmi 5-i dərsdə oturur. Görmüşük ki, müəllim içəri girər, uşaqlar hamısı ayağa qalxar. İstisna hallar da bir-iki nəfər üzürlü səbəbdən gəlməz, müəllim də həvəslə dərsinə davam edər. İndiki halda müəllim necə ürəklə dərs keçsin?!”

“Demək olar ki, əvvəlki “fanat müəllimlər” yoxdur”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil məsələləri üzrə mütəxəssis Allahverdi Eminov deyib. O, müəllimlərin hazırki durumunu qiymətləndirərkən bildirib ki, indi də öz üzərində işləyən müəllimlər var. Sadəcə, onların təcrübəsi ictimailəşdirilmir. Ən böyük çatışmazlıq da elə bununla bağlıdır:

“Pedaqoji mətbuat belə müəllimləri yayıb təqdir etmir. Bu sahədə inspektorlar olmalı, onlar gedib yaxşı müəllimləri axtarıb tapmalıdırlar.

Qabaqcıl təcrübə kənd üçün deyil.

Gərək kənddəki müəllimlər öncə rayon, sonra respublika səviyyəsində tanınsınlar. Bütün müəllimlər görsün ki, rayonda filan fənni necə tədris edirlər.  Əvvəl  “qabaqcıl təcrübə”  var idi. İndi o sözü lüğətdən götürüb, adını  “innovativ  təcrübə” qoyublar. “İnnovasiya” yenilik deməkdir. Amma köhnə üsulla işləyən, gözəl dərs deyən müəllimlər var. Belələrinin təcrübəsini ümumiləşdirmirlər. Mən uzun illər “Azərbaycan müəllimi” qəzetində işləmiş, bölgələrdəki müəllimlərin təcrübəsini yaymağa çalışmışam.

Dərs dedikdən sonra gəlib “Müəllimlər otağı”nda oturmağın nə mənası var?

Həmin müəllimin təcrübəsini yalnız məktəb, direktor bilir, vəssəlam. Savadlı müəllimlərimizin təcrübəsi yayılmır. Maddi vəsait lazım olduğuna görə, heç rayondan kənara da çıxa bilmirlər. Hansı qabaqcıllıqdan danışmaq olar?”

Onun sözlərinə görə, əvvəlki illərlə  müqayisədə müəllimlərdə irəliləyiş var. Yaxşı müəllimlər öz üzərində işləyirlər:

“Amma demək olar ki, əvvəlki “fanat müəllimlər” yoxdur. Mən bir vaxtlar onlara dərs dediyimə görə bilirəm. 30-50 müəllimin içində  3-5-i seçilir. Xüsusilə də gənc müəllimlər üzərilərində yaxşı işləmirlər. Çünki dərsini deyib bitirən kimi hərə öz qayğılarının ardınca qaçır, müzakirələr olmur. Müəllimlərin maddi vəziyyəti də yaxşı deyil. Buna görə işdən vaxt tapan kimi o dəqiqə qaçıb repetitorluqla məşğul olur. O, öz üzərində necə işləsin?!

Yaxşı müəllimlərin olmasını inkar etmək də insafsızlıq olardı. Sadəcə, barmaqla sayıla biləcək qədər azdırlar”.

O, təhsil lüğətinə əcnəbi terminlərin salınmasına da münasibət bildirib:

“Başa düşmürlər ki, əsas mahiyyətdir”

“İndi aləmi bir-birinə qatıblar. Bəzən həmkarlarım deyir ki, “Allahverdi müəllim, vallah, heç özümüz də bilmirik bu nədir. Adını inteqrasiya qoyublar”.

Xaricdən gələn terminləri bizim lüğətə  keçirmək  istəyirlər. Başa düşmürlər ki, əsas mahiyyətdir. Təzahür başqa formalarda da ola bilər, amma təhsilin mahiyyəti, fəlsəfəsi əsas götürülməlidir”.

“İndiki halda müəllim necə ürəklə dərs keçsin?!”

Ekspert müəllimlərlə bağlı vacib nüanslara toxunduqdan sonra onlar üçün yaradılan şəraiti əvvəlki dövr ilə müqayisə edib:

“Hazırlığa getdiklərinə görə uşaqlar məktəb dərslərinə ikinci dərəcəli baxırlar. Müəllimin də işi çətinləşir. Yuxarı siniflərdə 30 şagird varsa, onun cəmi 5-i dərsdə oturur. Hamısı repetitor yanındadır.  Bu təhsildən nə gözləyirsiz?! Görmüşük ki, müəllim içəri girər, uşaqlar hamısı ayağa qalxar. İstisna hallar da bir-iki nəfər üzürlü səbəbdən gəlməz, müəllim də həvəslə dərsinə davam edər. İndiki halda müəllim necə ürəklə dərs keçsin?!”

Qeyd edək ki, uzun müddət müəllimlərin hazırlanması  və təkmilləşməsi ilə məşğul olan qocaman pedaqoq Allahverdi Eminov həm də tanınmış yazıçı-publisistdir. Onun bədii ədəbiyyat və ədəbi tənqid nümunələri olan xeyli sayda əsəri var.

Yazıçının məşhur “Payıza qədər” əsəri Azərbaycan ədəbiyyatında məzmununa görə ilk sayılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları