
Xarici tələbə bazarında ciddi rəqabətlə qarşılaşan Almaniya üstünlüyü əlində saxlamaq üçün ölkədəki əcnəbi tələbə kəsimini araşdırmağa başlayıb.
Məlum olub ki, təhsil üçün Almaniyaya ən çox Türkiyədən gəlirlər. Nəticədə isə buradakı türkiyəli tələbələrin sayı nəzərə çarpacaq dərəcədə artıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hələ ötən il Almaniyaya gələn əcnəbi tələbələrin sayı 5% artaraq, 359 000-ə çatıb.
Hazırda universitet tələbələrinin 13, I sinif şagirdlərinin isə 23%-i əcnəbilərdən ibarətdir. Ali təhsil üçün Almaniyaya gələn türkiyəli tələbələrin sayı isə 7 633-ə çatıb. Almaniyada təhsil alan 4 000 türkiyəli ilə keçən il universiteti uğurla bitirərək məzun olub.
Ümumiyyətlə, buranın gənclərin ən çox üstünlük verdiyi ölkə olması təhsil keyfiyyəti, maliyyə, yaşam şərtləri, karyera imkanları ilə bağlıdır.
Almaniyaya təhsil üçün üz tutan əcnəbilər daha çox mühəndislik ixtisaslarına müraciət edirlər. Bu tip fakültələrdə təhsil alanların 17%-i əcnəbilərdən ibarətdir. Bununla yanaşı, dünyanın əsas mədəniyyət mərkəzlərindən biri hesab edilən Berlinə incəsənətin müxtəlif sahələrini öyrənmək üçün gələnlərin sayında da artım müşahidə olunur.
Berlində incəsənət istiqamətində təhsil alan Çağıl Özdemir, burada oxumaq istəyənlər üçün ölkədəki mühit, üzləşəcəkləri çətinlikləri təsvir edib. O qeyd edib ki, təhsil üçün Almaniyaya gəlmək o qədər də çətin deyil. Burada təhsilin digər ölkələrlə müqayisədə çox üstün tərəfləri var. Amma yaxşı proqram tutub, alman dili sertifikatı və lazımı sənədləri alıb, viza məsələlərini yoluna qoymaq lazımdır.
Onun sözlərinə görə, Almaniyaya diqqəti artıran əsas məqam burada ali təhsilin ödənişsiz olmasıdır:
“Baden-Vüttenberq əyalətini çıxmaq şərti ilə digər ərazilərdəki bütün dövlət universitetləri ödənişsizdir. Tələbələrdən sadəcə tədris ilinin əvvəlində 100-350 avro arasında dəyişən məbləği ödəmək tələb olunur. Tələbə vizası ilə ölkəyə gələnlərin isə ildə maksimum 120, və ya 240 gün işləməsinə icazə verilir”.
Almaniyada təhsil proqramı DAAD-ın internet saytında isə yaşayış, tibbi sığorta, qidalanma, telefon və internet kimi xərclərlə birgə bir tələbəyə 794 avronun kifayət etməsi bildirilir.
Bakalavr təhsilini Türkiyə, magistratura təhsilini Fransada alan, doktorantura üçün Almaniyanı seçən Doğu Teksöz də alman təhsil sisteminin üstünlüklərini sadalayıb.
“Əcnəbi tələbələrə demək istəyirəm ki, bura heç də İstanbuldan baha bir yer deyil. Burada işlər bir qədər ləng gedə bilər, amma fransız bürokratiyasını yaşayan biri kimi, alman bürokratiyasından şikayətlənənləri anlamıram.
Sanki bir doktorantın burada qarşılaşacağı bütün problemləri öncədən düşünüb onların həll yolunu yaradıblar. Buna görə də ciddi bir çətinliklə üzləşməmişəm.
Dil problemi olan insanlar üçün bir çox ödənişsiz imkanlar tətbiq ediblər. Düzü, heç bir bəhanə üçün yer buraxmayıblar. Doktorantura təhsilimi uğurla başa vura bilməsəm, bunun yeganə günahkarı özüm olacağımı düşünürəm”.
Humbold Universitetində elmi araşdırmalar aparan doktorant Melih Şengöl isə buradakı təhsilin fərqlərindən danışarkən bildirib ki, ölkədə kirayə evlər çox bahadır:
“Karl Maks, Hegelin oxuduğu universitetdə çalışıram. “Bunu edə bilməzsən”, “ona icazə vermirik” deyən yoxdur. Bu, tələbələrin yaradıcılıq və motivasiyasını artırır.
Dövlət universitetlərində təhsilin ödənişsiz olması xeyli imkanlar açsa da, müəyyən çətinlikləri var. Məsələn, kirayə evlər çox bahadır. Yaşayış, viza üçün də bəlli çətinlik və maddiyyatı gözə almalısınız. Almaniyada təhsili qazanan əcnəbi tələbə viza üçün müraciət etdikdə özünü təmin edə biləcəyini sübut etməli olur. O, bura gəldikdə təhsil xərclərini qarşılaya biləcəyinə dair rəsmi sübut göstərməlidir. Və ya Alman bankında 8 640 avro məbləğində hesab açmalıdır. Bu çətinliklərin öhdəsindən gəldikdən sonra ödənişsiz təhsildən kifayət qədər yararlanmaq olur”
Qeyd edək ki, ali təhsil üçün Almaniyaya üz tutanların çoxu məzun olduqdan sonra burada qalmaq istəyirlər. Styding in Germany.org ali təhsil portalında keçirilən sorğu da bunu təsdiqləyir. Sorğunun nəticələrinə əsasən, məlum olub ki, buraya ali təhsil almaq üçün gələn əcnəbi tələbələrin 70 %-i məzun olduqdan sonra da burada qalmaq istəyirlər.
Bu, ölkədə texnologiya, tibb, elm və mühəndislik sahələrində iş yerləri çoxluğu ilə əlaqədardır. Almaniya iqtisadiyyatının isə gənc, yaradıcı potensiala sahib işçilərə ehtiyacı var. Buradakı tələbələr təhsil müddətində də yarı iş günü işləməklə xeyli təcrübə toplayırlar. Məzun olub ölkələrinə qayıtsalar da, alman iş mühitində topladıqları təcrübəni tətbiq edərək ölkələr arasındakı əlaqəni davam etdirirlər. Bundan xeyir görən isə yenə də alman iqtisadiyyatı olur.