Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 15:04:38
Nə yaxşı ki,  görüşdük... - FOTOLAR  

Etiraf edirəm- bu yazını  yazmaq həm  çətin,  həm məsuliyyətli gəlir  mənə. Kövrək xatirələr dilə gələndə məntiq susur.  Jurnalist peşəkarlığının   önəmi yox belə məqamda.Burda əsas ürəkdir , bir də  bu ürəkdən köz alan  xatirələr, onları çözmək, düzmək bacarığı...

24 oktyabr 2018-ci il.Hər birimizin yaddaşımızın güncündə bir ömür boyu əzizləyəcəyimiz bir tarix oldu. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 30 il öncəki məzunları -1012-ci qrupun müdavimləri  doğma ocağımızı yad etməyə gəlmişdik. Qızlar vəfalı çıxmışdı-hamılıqca orda idik.Bir Mehribanla Ədibədən başqa.Onlar qrupumuzun vaxtsız xəzan tökümü  idi....Zöhrab Əmirxanlı da gələ bilməmişdi. Nömrəsinə  zəng çatmamışdı, daha heç vaxt da çatmayacaqdı...  Ölümün qolları güclü idi, yoxsa ki, tək qoymazdı qrup qızlarını, o birilərini də məzəmmətləyib salardı yanına.Yeriniz  yaman görünürdü, Zöhrab Əmirxanlı, Mehriban Əmirxanlı, Ədibə Abdullayeva...

1012 jurnalistika fakültəsində qızların çox oxuduğu bir qrup idi .5-6 oğlan tələbə yoldaşımızdan  bu gün bəziləri vətəndən xaricdə, bəziləri iş ezamiyyətində idi.1-2-si üçün də bəlkə də bu görüş vaxt itkisi  olduğundan almadılar yanımızı.Ömrüün verdiyi  xoş fürsəti qaçırtdılar amma.

...Amma ,  Rauf Mirqədirovun hər birimizlə ayrıca telefon danışığı, hal-əhval tutması növbəti görüşlərimizə qədər çatacaq müsbət enerji bəxş etdi bizlərə.

Dünən bir az kövrək idik, bir az çəkinkən, bir az da  utancaq.Bilmirdik  30 il  əvvəl ayrıldığımız  məkanda bizi gözləyən, arzulayan varmı? Necə qarşılanacağıq, vaxt-zaman ayıran, qapı açan  olacaqmı bizlərə? Narahatlığımız əbəs imiş amma. Qəfil getsək də, doğma kimi qabağımıza çıxdılar.Doğma övlad ata ocağında hansı sevgi, istəklə qarşılanırsa,  biz də o məhrəm münasibəti hiss etdik.Sürpriz  gəlişimizdə əziz  müəllimlərimiz-Nəsir Əhmədli, Cahangir Məmmədli, Zaur Babayev,Həmid müəllim,  Tofiq Rüstəmovun yadigarı Sevinc xanım,  Rəhilə xanım, Xalidə xanım.Bizə dəyər verib görüşümüzə qatılanların hamısı elə o vaxtkı gənclik həvəsi ilə diqqət ayırdılar hər birimizə-kimin hansı postu tutmasından,  hansı vəzifədə işləməsindən asılı olmayaraq.Təşəkkürü də unutmadılar- 1012 olaraq daima ata evimizin-fakültəmizin üzünü ağ elədiyimizə, jurnalist adının ülviliyini qoruya bildiyimizə,  əldə etdiklərimiz uğurlarımıza görə.Əsil ziyalılıq simvolu olan dekan Tofiq Rüstəmovun simasında dünyasını dəyişmiş bütün müəllimlərimizin  xatirəsinin   ehtiramlı anımı idi 24 oktyabr tarixi.

...Bilmirəm, ad çəkməyə ehtiyac var ya yox, amma 1012-nin yetirmələri - şəkildə gördükləriniz  bu gün jurnalistikada öz sözü, dəst-xətti olan    simalardır.

Kövrək  xatirələr yağışlı bir gün oldu    24 oktyabr tarixi...Ağrılı, sevincli günlərimizin xatirəsini bölüşdükcə ,  30 ilin ağır xatirə yükündən yüngülləşdik hamımız. Xoşbəxt sandıq özümüzü.Bir də insana xoşbəxt olmaq üçün  nə lazımdır ki?...Bir az təbəssüm, bir az diqqət,  bir az səmimiyyət.Dünənki gündə  bu hisslərin hamısı var idi...

Təşəkkürlər,  səmimi qəbula görə köhnə fakültəmizin yeni dekanı Vüqar Əliyevə, dünənki günündən bizə vaxt ayıran  Nəsir müəllimə, Cahangir müəllimə, Həmid müəllimə, Zaur müəllimə, gənc jurnalist həmkarlarımıza,   bu görüşün təşkilatçısı olan məzun yoldaşlarımıza .

Və  bir də  iş-ailə  qayğılarını arxa plana ataraq  görüşə dəyər verən,  gələn hər birimizə!

Esmira İsmayılova