
"Bakıda keçirilən altıncı Beynəlxalq Humanitar Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin, beynəlxalq ictimaiyyəti ciddi təhdid edən islamofobiya, ksenofobiya, ayrıseçkiliyin aradan qaldırılması yollarının müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Aktual problemlərin həlli, dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir".
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Humanitar Forumu dünyanın tanınmış elm və siyasi xadimlərinin, dövlət rəsmilərinin, jurnalistlərin məhz bir yerə toplaşıb problemlərin həllini tapmağa şərait yaradır. Millət vəkilinin fikrincə, Foruma beynəlxalq maraq və tədbirə qatılanları sayı ildən – ilə artır. Ona görə də, bu Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir:
"Ümumiyyətlə, Azərbaycan artıq öz təcrübəsində bu kimi qlobal tədbirlərə uğurla evsahibliyi etmək bacarığını sübuta yetirib. Bu mənada altıncı Beynəlxalq Humanitar Forum da kifayət qədər əlamətdar və məhsuldar keçməklə, ölkəmizin sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına, müasir dövrdə texnologiya və elm əsaslı iqtisadiyyatın təşviq olunmasına verdiyi əhəmiyyəti bi daha nümayiş etdirdi".
Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin Forumdakı iştirakı və çox dərin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Forumda iştirak edən qonaqlar Prezidentin çıxışını, Onun problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini, yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndirdilər.
"Forumda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yolları, humanizm və bəşəri məsuliyyətin zəruriliyi, dayanıqlı inkişaf məqsədləri və digər mühüm məsələlər müzakirə olunur. Müzakirə olunan məsələlər sırasında mən təhsil məsələlərini xüsusi qeyd etmək istəyirəm. Bütün həyatı təhsillə bağlı olan, uzun illərdir bu sahədə çalışan bir insan kimi təhsil məsələlərinin belə bir mühüm Forumda müzakirə olunmasını olduqca təqdirəlayiq hal hesab edirəm. İlk plenar iclas da məhz bu məsələyə həsr olunmuşdu və "Təhsil və elm insan kapitalının inkişafı kontekstində" adlanırdı", - deyən millət vəkili S.Qafarova hesab edir ki, ilk panel müzakirələrinin bu mövzuda aparılması, təhsillə bağlı geniş diskussiyanın təşkili heç də təsadüfi deyil və Azərbaycanda təhsilin inkişafına göstərilən yüksək diqqətin əyani təsdiqidir. Prezident İlham Əliyev də Forumdakı dərin məzmunlu nitqində təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsinin prioritet məsələlərdən biri olduğunu vurğuladı: "Bilirsiniz ki, Azərbaycan dövləti innovasion cəmiyyət quruculuğunu əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Bu isə bilik iqtisadiyyatına, təfəkkür iqtisadiyyatına əsaslanır, ideya və təşəbbüslərin fasiləsiz təkrar istehsalını, məhsuldar qüvvəyə çevrilməsini şərtləndirir. Başqa sözlə deyilsə, qüdrətli Azərbaycan dövlətinin, demokratik cəmiyyət quruculuğunun, xalqın maddi və mənəvi rifahının başlıca qarantı rolunda çıxış edən - məhz cəmiyyətin intellektual potensialıdır. Bu zaman isə ölkəmizdə elmin və təhsilin üstün inkişafına nail olmaq əsas hədəflərdən biri kimi çıxış edir və Azərbaycanda təhsil siyasətinin formalaşdırılması təhsil sistemində aparılan islahatların sosial-iqtisadi əhəmiyyətinin artırılması vacib məsələ kimi qarşıya qoyulub. Tam məsuliyyətimizlə deyə bilərik ki, son dövrlərdə yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabətəsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində görülən işlərin məntiqi nəticəsidir ki, Azərbaycanda təhsil sistemində çox böyük nailiyyətlər, müsbət dinamika müşahidə olunmaqdadır", - deyən Sahibə Qafarova bildirib ki, ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, 3100-dən artıq orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu isə təhsildə infrastruktur məsələlərin yüksək səviyyədə həllini şərtləndirib. Eyni zamanda, Azərbaycan təhsilinin inteqrasiyasını sürətləndirmək, ölkəmizdə peşəkar, savadlı kadrların hazırlanması məqsədilə müxtəlif proqramların icra olunduğunu xatırladan millət vəkilinin bildirdiyinə görə, ali təhsil müəssisələrində çox ciddi islahatlar aparılıb, təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bu gün Azərbaycanın ali məktəblərinin beynəlxalq reytinqi xeyli artıb. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşmaşıb:
"Mən digər bir vacib məqama toxunmaq istəyirəm. Azərbaycan dövləti həmişə müəllim peşəsinin nüfuzunu yüksəltmək üçün ardıcıl tədbirlər görür, bu sahədə bacarıqlı, savadlı kadrların hazırlanmasına diqqət göstərir. Atılan stimullaşdırıcı addımlar gənclərdə bu müqəddəs peşəyə marağı daha da artırıb. Azərbaycanda müəllim işləmək istəyən gənclərin sayının 3 dəfədən çox artması özlüyündə böyük bir nailiyyətdir. Eyni zamanda, cari ildə qəbul imtahanları zamanı 500 və daha çox bal toplayan məzunlardan 2090-ı məhz müəllimlik peşəsini seçib ki, bu da olduqca yüksək göstəricidir. Dövlətimizin başçısı da ölkəmizdə müəllim peşəsinə marağın çox böyük dərəcədə artdığını söyləyərək bildirdi ki, aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb".
Ümumiyyətlə, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə görə, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyentin tələbə adını qazandığını bildirən S.Qafarova əlavə edib ki, bu, dövlətin məqsədyönlü təhsil siyasətinin, təhsil sahəsində aparılan islahatların uğuru kimi çıxış edir. Abituriyetlərin sayına paralel olaraq qəbul imtahanlarında toplanmış ballar da əhəmiyyətli dərəcədə artıb. Maksimum – 700 bal toplayan abituriyentlərin sayı ildən-ilə artmaqdadır ki, bu da gənclərin savadlılıq səviyyəsinin yüksəldiyini təsdiq edən gerçəklikdir: "Ölkəmizdə təhsil sahəsində görülən işlərin uğurlarını, güclü təhsil sisteminin mövcudluğunu ifadə edən digər bir fakt isə Azərbaycanda təhsil alan əcnəbilərin sayının artmasıdır. Dünyada təhsil sahəsində, ali məktəblər arasında çox güclü rəqabətin yaşandığı indiki şəraitdə əcnəbilərin ali təhsil üçün məhz ölkəmizi seçməsi, öz gələcəklərini Azərbaycanın ali təhsil ocaqlarına həvalə etməsi yenə də Azərbaycanın təhsil sisteminin yüksək inkişafını təsdiq edir. Xatırlatmaq istərdim ki, ötən tədris ilində Azərbaycanda 75 xarici ölkədən 5.541 tələbə təhsil alıb. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artım deməkdir".
Həmçinin, dərsliklərin yenilənməsi və təkmilləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü də bildirən Sahibə Qafarova son dövrlər dərsliklərlə bağlı aparılan ictimai müzakirələrə də münasibət bildirib. Onun fikrincə, dərsliklərin hazırlanması, onların keyfiyyəti tədrisin təşkilində olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanda müvafiq dövlət qurumları bu məsələyə çox həssaslıqla yanaşır. Eyni zamanda, dərsliklər kifayət qədər bilikli və tədris prosesində təcrübəsi olan müəlliflər tərəfindən hazırlanır, geniş ekspertizadan keçirildikdən sonra nəşrə buraxılır. Bununla yanaşı, millət vəkili hesab edir ki, tanınmış ziyalılarımız, dəyərli alimlər və mütəxəssislər dərsliklər çap olunmazdan əvvəl müvafiq qurumlar tərəfindən keçirilən ictimai müzakirələrə qoşulub fikir və rəylərini versələr, bu, görülən işin daha keyfiyyətli olmasına töfhə verə bilər.
"Nəticə etibarilə, sadalananlar bir daha təsdiq edir ki, Azərbaycan təhsili inamla inkişaf edir və bu gün Azərbaycanın təhsil sahəsində deməyə sözü var", - deyə Sahibə Qafarova qeyd edib.