Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 09:42:15
"Dilimizi sevək, sevdirək!" layihəsi çərçivəsində Zaqatala rayonu üzrə təlimlər başa çatdı

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Zaqatala rayon Yuxarı Çardaxlar kənd tam orta məktəbin informatika müəllimi Mirzəzadə Aydanın  “Dilimizi sevək, sevdirək!” adlı layihəsinin Zaqatala rayonu üzrə təlimlərinə yekun vurulub.

AzEdu.az  xəbər verir ki, layihənin əsas məqsədi Zaqatala və Qax rayonlarında azsaylı xalqların kompakt yaşadığı kənd məktəblərində ümumiorta təhsil səviyyəsində təhsil verənləri Azərbaycan dili fənni üzrə “Yazı işinin təşkili metodikası” adlı ixtisasartırma təlimlərinə cəlb etməkdir.

Layihə çərçivəsində hər iki rayondan ümumilikdə 52 nəfər Azərbaycan dili müəlliminin  təlimlərdə iştirakı nəzərdə tutulmuşdur.

Xatırladaq ki, 13 və 20 avqust 2018-ci il tarixlərində  layihənin həm Qax həm də Zaqatala rayonları üçün ayrı-ayrılıqda  təqdimatları keçirilib. Təqdimat zamanı həmin Rayonların Təhsil şöbə müdirləri, məktəb direktorları və Azərbaycan dili müəllimləri iştirak ediblər.

“Dilimizi sevək, sevdirək” layihəsində nəzərdə tutulmuş ixtisasartırma təlimlərinin birinci mərhələsi 24-30 avqust 2018-ci il tarixlərində  Qax rayonunda, 8-16 oktyabr 2018-ci il tarixlərində isə  Zaqatala rayonunda keçirilib. Təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təklif etdiyi  “Yazı işinin təşkilinin metodikası” ixtisasartırma proqramı əsasında 36 akademik saat olmaqla aparılıb. Proqram “Niyə və nəyi yazmağı bacarmalıyıq?”, “Yaradıcı yazı növləri”, “Üslubiyyat məsələləri”, “Esse yazırıq; səmərəli üsulların tətbiqi”, “Rəsmi-kargüzarlıq üslubu və əməli yazının növləri”, “Tədris yazı formalarının qiymətləndirilməsi” və s. mövzularını əhatə edib. Müdavimlər “Esse” yazı növü  və onun yazı işinin təşkili üsulları, qiymətləndirilməsi ilə bağlı yeni və faydalı məlumatlarla tanış olublar.

Təlimlərdə iştirak etmiş 52 nəfər müdavimin TİPİİ tərəfindən qiymətləndirilməsi və sertifikatlarla təmin edilmələri nəzərdə tutulub.

Layihənin icra müddəti 2 iyul 2018-ci il - 30 noyabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.