
Azərbaycanın Ukraynadakı səfirliyi Odessa şəhərində yaşayan diaspor nümayəndələri və tələbələrlə görüş təşkil edib. AzEdu.az “Azərtac”a istinadən xəbər verir ki, Odessada keçirilən görüşlərdə səfirliyin müşaviri Vüsal Süleymanov və Daxili İşlər Nazirliyinin səfirliyin nəzdindəki nümayəndəsi polkovnik Şahin Qocayev iştirak ediblər.
Görüşdə soydaşlarımızın müraciətləri ayrı-ayrılıqda dinlənilib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.
V.Süleymanov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək.
Sonra səfirlik nümayəndələri azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Prezident İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi tapşırıq və tövsiyələrin yerinə yetirilməsi, ölkəmizlə bağlı həqiqətlərin Ukrayna ictimaiyyətinə çatdırılması və milli mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində görülən tədbirlərdən danışılıb və qarşıya qoyulan məqsədlər müzakirə edilib.
V.Süleymanov qeyd edib ki, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında dünyanın hansı hissəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gəncin üzərinə tarixi missiya düşür.
Daha sonra tələbələr üzləşdikləri çətinliklər barədə məlumat veriblər. Müzakirə nəticəsində tələbələrin daha çox üzləşdikləri bir neçə problem müəyyən edilib, onların bəzilərinə aydınlıq gətirilib, digərlərinin isə müxtəlif səviyyələrdə araşdırılacağı və bu barədə mümkün tədbirlərin görüləcəyi bildirilib.