
Xaricdə yaşayıb, müəyyən müddətdən sonra ölkəyə üz tutan ailələr az deyil. Bu zaman ailədəki şagirdin Azərbaycan məktəblərinə qəbulu ilə bağlı müəyyən suallar yaranır. Başqa ölkədə əcnəbi tədris proqramı ilə öyrədilən şagird Azərbaycandakı proqrama daxil olan fənlərdən çətinliklərlə üzləşir. Dil biliyinin olmaması, tam fərqli fənlərin tədrisi, ölkə proqramına uyğunlaşmaq ona çətinlik yaradır.
Çoxları bu zaman belə şagirdə ayrı-ayrı fənlərdən məşğələlərin keçirilməsindən xəbərsizdirlər.
Ən çox verilən sual isə orta təhsilin müəyyən səviyyəsini xaricdə bitirən şəxsin həmin sənədin təsdiqi üçün imtahan verməli olub-olmaması ilə bağlıdır.
AzEdu.az buna cavab olaraq bildirir ki, qanunvericilikdə bu proseslər “Şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda öz əksini tapıb.
Haradan başlamalı?
Qaydalara əsasən, I - IX sinif şagirdinin valideyni öncə övladının təhsilinin davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq edilən qiymət cədvəli, onun müəyyən dövrə qədər təhsil alması barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin məktəblinin qəbuluna imkan verirsə, o, məktəbin müvafiq sinfinə qəbul olunur.
Azərbaycan Respublikasına gələnədək IX sinfi bitirib müvafiq təhsil sənədi alan şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir.
Müvafiq təhsil sənədi olmayan şagird hansı proseduralardan keçməlidir?
Təhsil sənədləri olmadıqda və ya mövcud sənədlə şagirdin qəbul ediləcəyi sinfi müəyyənləşdirmək mümkünsüz olduqda I - IV siniflərdə oxuduğu iddia edilən şagirdin həmin sinfin proqramına uyğun hazırlıq səviyyəsi yoxlanır. Bu vəzifəni yerli təhsili idarəetmə orqanlarının yaratdığı komissiya həyata keçirir. Onun rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır.
V-XI siniflərdə oxuduğu iddia edilən şagirdin bilikləri isə yerli təhsili idarəetmə orqanlarının təqdimatı və ya valideynin ərizəsi əsasında Təhsil Nazirliyində xüsusi tapşırıq və testlər vasitəsilə yoxlanılır. Nəticə barədə yazılı rəy isə yerli təhsili idarəetmə orqanına göndərilir. Həmin rəy şagirdin müvafiq sinfə qəbulu və ona yeni şəxsi iş açılması üçün əsas sayılır.
Ölkə məktəblərinə yeni gələn şagird hansı dildə təhsil almalıdır?
Azərbaycancanı tədris dili səviyyəsində bilən I-V sinif şagirdləri tədrisi bu dildə olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin təlim dilini dəyişməsinə isə valideynin ərizəsinə əsasən məktəbdə baxılır.
Rus və ya gürcüdilli məktəblərə qəbul edilən şagirdlərə isə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən, məsələn, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasından əlavə məşğələlər keçirilir.
Xarici ölkələrdə başqa dildə təhsil alan uşaqların Azərbaycan məktəblərinə qəbuluna valideyn və şagirdin arzusuna əsasən Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılır. Əsas şərt isə şagirdin uyğun təlim dillərindən biri üzrə xüsusi hazırlıq keçməsi, həmin dili mənimsədiyinin təsdiq olunmasıdır.