
“Yəqin, Şeyx Əbdül elə bilir ki, Beynəlxalq Universitet hələ də fəaliyyət göstərir. Ona görə belə deyir. Çünki orada 15 000-ə yaxın tələbə təhsil alırdı”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Etibar Əliyev rejissor Əbdül Mahmudovun özəl universitetləri bağlamaq təklifinə cavab olaraq deyib. O qeyd edib ki, özəl ali məktəblərin tələbə kontingenti şəhərdə sıxlıq yaradacaq qədər çox deyil:
“Ən böyük tələbə kontingenti olan ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetidir. Üstəlik, 100 ilə yaxındır ki, onlar eyni ünvanda fəaliyyət göstərirlər. Hələ ki, universitetlərin yerini dəyişmək mümkün deyil. Sadəcə, kimsə şəhərdəki tıxacı korrektə etməli, nizama salmalıdır”.
Onun sözlərinə görə, tələbələrin paytaxta axını təbiidir:
“Ölkədə hər il 30 000-dən çox abituriyent tələbə adını qazanır. Magistraturanı da nəzərə alsaq, onlar 6 il Bakıda təhsil alırlar. Bu, xeyli tələbə deməkdir. Özəl ali məktəblərdə tələbə sayı çox azdır. Biznes Universiteti “20 Yanvar” ərazisində yerləşir. Tələbə kontingenti isə çox azdır. Şeyx Əbdül yəqin, elə bilir ki, Beynəlxalq Universitet hələ də fəaliyyət göstərir. Orada 15 000-ə yaxın tələbə təhsil alırdı. Tələbələr metro və avtobuslardan istifadə edirlər. İnanmıram ki, maşından istifadə edən tələbələrin sayı 30%-dən çox olsun. Tələbələr birmənalı şəkildə maşınsızdırlar. Bunun tıxacla nə əlaqəsi var?
E.Əliyev rejissorun universitetlərin bölgələrə köçürülməsi təklifinə cavab olaraq ki, qeyd edir ki, müəyyən dövrdə özəl universitetlərin bölgələrdə kampusları yaranmalı idi. Amma bundan sonra onları yaratmaq maliyyə səbəbindən çox çətindir:
“Məsələn, Mühəndislik Universiteti Xırdalanda yerləşir. Çox yaxşı da effekti var. Bütün dünyada universitet kampusları şəhərdən kənarda yaradılır ki, tələbələr şəhərə gəlməsinlər. Onların şəhərdən kənardakı kampuslarda məskunlaşması həm də sosiallaşma baxımından çox effektivdir. Tələbələr eyni kampusda bir-biriləri ilə mütəmadi əlaqə saxlayırlar. İdman meydançaları olur və s”.
Qeyd edək ki, rejissor Şeyx Əbdül AzEdu.az-a açıqlaması zamanı özəl universitetlər barədə bunları demişdi:
“Özəl universitetin mahiyyətini hələ də başa düşə bilmirəm. Əgər dövlətin universitetləri varsa, özəl nəyə lazımdır? Bakını tıxac ediblər, nəfəs almaq olmur. Yazıq kəndlilər bir-birinin həvəsinə mal-qarasını satırlar ki, mənim də övladım gedib Bakıda oxusun. O uşaq niyə Bakıda oxumalıdır? Universitetləri rayonlarda yaradaq. Tələbə gəlib 4 il Bakıda avaralanır. Kəndli boğazından kəsib övladına göndərir. 4 ildən sonra məlum olur ki, nə uşaq var, nə də mal-qara. Budur faciəmiz!
Özəl universitetlərə son qoyulmalı, ali təhsil müəssisələri şəhərdən çıxmalıdırlar. Bunların hamısı ideologiyaya bağlanır. Kökündə isə elm, sənət və təhsil durur. Peşəkar, canı yanan insanlar bu işlərlə məşğul olmalıdırlar”.