
Azərbaycan ilə Qazaxıstan arasında ali təhsil və ali təhsildən sonrakı təhsil sahəsində sənədlərin tanınması prosedurları sadələşdirilir.
AzEdu.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Elm və təhsil komitəsinin mayın 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycan ilə Qazaxıstan arasında elm və təhsil sahəsində 2017-ci ildə əməkdaşlıq haqqında imzalanmış sazişə dəyişikliklərə əsasən, tərəflər ali və ali təhsildən sonrakı təhsil müəssisələri arasında əməkdaşlığı inkişaf etdirirlər.
Tərəflər dövlətlərinin maraqlı elm və ali təhsil müəssisələri arasında müqavilələr əsasında tələbələrin, professor-müəllim heyəti nümayəndələrinin, elmi işçilərin mübadiləsinə, dövlətlərinin ərazisində keçirilən konfrans və digər forumlarda tələbələrin qarşılıqlı iştirakına, təhsil müəssisələri arasında dövri nəşrlər, təhsil sahəsinin müxtəlif aspektləri və təhsil müəssisələrinin attestasiyası və ya akkreditasiyası prosedurları, elmi dərəcələr və elmi adlar barədə məlumat mübadiləsi sahəsində bir-birinə köməklik göstərirlər.