_171.png)
Tələbələrin bir çoxu, xüsusən də texniki sahə, eləcə də mühənislik, maliyyə, iqtisadiyyat, IT (informasiya texnologiyaları) və digər ixtisaslar üzrə təhsil alanlar öz sahələrində təcrübə toplayıb, işə qəbul olmaq üçün universitetdən əlavə kurslara üz tuturlar.
Maraqlıdır, təcrübə kurslar vasitəsilə toplanılırsa, o halda universitetlərin öhdəlikləri nələrdən ibarətdir?
Mövzu ilə əlaqədar təhsil üzrə mütəxəssis Elçin Süleymanov AzEdu.az-a açıqlama verib.
E.Süleymanlı bildirib ki, məzunların aldıqları təhsilin əmək bazarında tətbiqində problemlər var:
“Azərbaycanda ali təhsilin keyfiyyətinin ildən-ilə artması sevindirici haldır. Çünki həm lokal yerli universitetlər, həm də ikili diplom proqramları ilə əhatəli kifayət qədər rəqabətli mühit var. Dolayısıyla universitetlərdə dinamika göz önündədir, amma təbii ki, bütün məzunların aldıqları təhsilin əmək bazarında reallaşmasında müəyyən problemlər var. Bu bir neçə amillərlə əlaqəlidir. İlk növbədə əmək bazarında bütün ali təhsillilərin işə qəbul olunması üçün bir tələb yoxdur. Hər il 50-60 min tələbə ali məktəbə qəbul olunur. Bu halda 50 min iş yerinin bir il ərzində həmin məzunlara yönəldilməsi təbii ki, çətindir. Burada rəqabət var və rəqabətdə məzunlar bir-birindən fərqlənməlidir. Ali təhsil universal təhsildir. İxtisasla əlaqədar ümumi biliklər verilir, amma daha spesifik bazarın tələbləri olan ixtisaslar və qabiliyyətlər üçün tələbələr məcburdur ki, müəyyən kurslara getsinlər. Bu da başa düşüləndir, çünki hazırlıqda təqdim olunan kurslar beynəlxalq şirkətlərdə işləmək üçündür. Universitetlərin birəbir biznesin ehtiyacına uyğun kadr hazırlaması da uyğun deyil”.
“Universitet çalışmalıdır ki, tədris proqramlarını beynəlxalq akkreditasiyadan keçirsin”-deyə müsahibimiz qeyd edib:
“Ali təhsil müəyyən ümumi istiqamət verir, ancaq ixtisaslaşma, hər hansısa sahəyə istiqamətlənmə məhz tələbənin özündən asılıdır. Amma yenə də ali məktəblərin üzərində də müəyyən iş düşür. Onlar təhsil proqramlarını müasir dövrlə ayaqlaşdırmalıdırlar. Qabaqcıl universitetlərin təhsil proqramları mütləq izlənməli və dünyanın, biznesin, iqtisadiyyatın, texnologiyanın mövcud vəziyyətinə uyğun plan hazırlanmalıdır. Bundan əlavə tədrisi təşkil edən şəxslərin, müəllim-professor heyəti də müəyyən tədqiqatlar nəticəsində dərsin keyfiyyətini artırmalıdırlar. Bu isə hazırladıqları məzunların əmək bazarına adaptasiyasına müsbət təsir göstərir. Universitetlərdə başqa bir istiqamət isə maddi-texniki bazanın inkişaf etdirilməsidir. Müasir laboratoriyalar, infranstruktur, informasiya texnologiyaları daha sonra bu məzunların öz ixtisasını nəzəri deyil, praktikada da müəyyən qabiliyyətlər əldə etmələrinə bilavasitə şərait yaradır.
Burada təbii ki, universitetlər arasında müəyyən fərqlər var. Bəzi universitetlərin maddi-texniki bazası, müəllim-professor heyəti o şərtlərə cavab vermir. Bu hal zaman-zaman irad kimi bildirilir. Akkreditasiya zamanı da bunlar müəyyən qədər yoxlanılır. Amma burada texniki-texnoloji, eyni zamanda maliyyə-mühasibat ixtisaslarında beynəlxalq sertifikatlar üçün universitetlərin proqramı yetərsiz ola bilər. Lakin alternativ olaraq universitet proqramları beynəlxalq akkreditasiyadan keçərsə, beynəlxalq sertifikatların məzunlara təqdim edilməsi mümkün ola bilərdi. Dünyada bu təcrübə var. Məsələn maliyyə ilə əlaqəli proqram akkreditasiya olarsa, beynəlxalq mühasibatlıq və beynəlxalq mühasibatlıq sertifikatını universitet birbaşa təqdim edə bilir. Dolayısıyla tələbələrin hazırlığa getməsinə ehtiyac qalmır. Universitet çalışmalıdır ki, tədris proqramlarını beynəlxalq akkreditasiyadan keçirsin və bu proqram məzunların diplomlarını avtomatik tanısın. Başqa məsələ isə ondan ibarətdir ki, kursların təqdim etdiyi xüsusi ilə lisenziyalaşmış və beynəlxalq dərəcəli proqramlar daha operativ və spesifik biliklər öyrədir. Məhz bu səbəblərdən də tələbələr universitetdə 3-4 ilə öyrənəcəyi biliyi 1-2 semestr müddətində sürətlə kurslarda öyrənir. Ancaq elə ixtisaslar var ki, onu qısa kurslarla öyrənmək mümkün deyil, məsələn tibb ixtisası da bu baxımdan fərqlənir. Tələbənin özünü inkişaf etdirməsi baxımından investisiya ayırması onun xeyrinədir".