
Millət vəkili Dilarə Cəbrayılova Türkiyə Respublikasında səfərdə olub. D.Cəbrayılova bildirib ki, səfərdə əsas məqsəd Türkiyədə təhsil sistemi ilə yaxından tanışlıq, orada təhsil alan tələbələrimizlə görüşlərin keçirilməsi olub.
AzEdu.az xəbər verir ki, Əskişəhir Azərbaycan Dərnəyinin sədri Cavad Aydının dəstəyi ilə reallaşan görüşlərdə D.Cəbrayılova Anadolu Universitetində olub. O, Universitetin rektoru Doktor Şafak Ertan Çomaklı ilə görüş keçirib.
Görüş zamanı Türkiyə Azərbaycan əlaqələri, təhsilin inkişafı baxımından həyata keçirilməsi vacib olan məsələlər müzakirə olunub. Rektor Şafak Ertan Çomaklı millət vəkilini Universitetlə tanış edib. Dərs prosesi, müəllim kollektivi barəsində ətraflı məlumat verib.
Türkiyə səfəri zamanı D.Cəbrayılova Bahçeli Kollecinin müdiri Dr Canan Madenoqlu ilə də görüşüb. Dr Canan Madenoqlu Kollecin fəaliyyəti barəsində danışıb.
D.Cəbrayılova isə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə daha da genişlənməsini vurğulayıb. Millət vəkili Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyini qeyd edib.
Türkiyə səfəri çərçivəsində Əskişəhirdə təhsil alan azərbaycanlı tələbələrlə görüşən D.Cəbrayılova tələbələrin problemləri ilə maraqlanıb. Səmimi şəraitdə keçirilən görüş zamanı millət vəkili ilə tələbələr arasında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra tələbələrlə xatirə şəkili şəkilib.