Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 15:57:22
“Məktəb bufetləri sahibkarlara qanunsuz icarəyə verilib,  onlar direktorlarla  əlbir işləyir” – SOS siqnalı

"Kim necə gəldi mal gətirərək, onun satışını həyata keçirir. Bufetlərin böyük hissəsi ayrı-ayrı sahibkarlara qeyri-qanuni icarəyə verilib. Onlar məktəb direktorları ilə əlbir işləyir, özlərinə sərf edəni edirlər”.

“Bufeti kim qeyri-qanuni işlədirsə, qiyməti də o müəyyən edir”

Məktəb bufetləri şagirdlərin sağlamlığına təsir edən başlıca faktordur. Amma hazırda oradakı məhsulların həm keyfiyyət, həm də qiymət göstəriciləri ürəkaçan deyil. Bufetlərdəki bahalığı nəzərə alan əksər şagirdlər məktəbdə yeyəcəyi qidanı bir gün öncədən müxtəlif marketlərdən alırlar.

Bəs, bufetlərdəki  qiymətlər və qidaların təhlükəsizliyi nəyə əsasən nizamlanmalıdır?

Xaricilər bu məktəbin qida rejimini görəndə təəccüblənirdilər...

Bir vaxtlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksi şagirdlərinin qidalanmasına nəzarət edən Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, oradakı şagirdlərin qida rejimini 3 aya yaxın müddətdə formalaşdırıb.

O, bu zaman nəzərə alınan amillər haqqında danışarkən qeyd edib ki, şagirdlərin nə ilə qidalanması yaşa görə fərqlənir:

“Məktəblinin qidalanması zamanı zülal, karbohidrat, yağ, C vitamini  tələbi, yaş həddi və dərs gərginliyi nəzərə alınmalıdır. Bunlar çox böyük məsələlərdir. İnanmıram ki, məktəb bufetlərində bunlara əməl edilsin.

Çalışırdıq ki, Müasir Təhsil Kompleksində şagirdlərə qızardılmış yemək, xüsusilə də kartof verməyək. Kolbasa, sosiska, ağır tortlar, mayonez məktəbə buraxılmırdı. Mən özüm buna qadağa qoymuşdum. Uşaqlar tam sağlam idilər. O zamanlar qripin tüğyan etdiyi vaxtda bizim şagirdlər heç bir xəstəliyə tutulmadılar. Hətta bəzi məktəblər qrip səbəbindən bağlanırdı. Onların üzündə müəyyən yaş dövründə uşaqlarda əmələ gələn sızanaqlar belə yaranmırdı. Onların mədə-bağırsaqlarında da problem qalmamışdı. Allergiyalarının qarşısı alınmışdı.

Qidaya müdaxilə edib kənardan nəyisə sifariş etməyə də icazə vermirdik. Şagirdlər gündə 4 dəfə istədikləri qədər yesələr də, kökəlmirdilər. Aygün Kazımovanın qızı İlqarə xanım da o vaxt həmin məktəbin şagirdi idi. Biz onları Azərbaycan mətbəxi əsasında qidalandırırdıq. Ay ərzində yeməklər hər gün dəyişirdi. Ət, balıq, toyuq, tərəvəz yeməkləri verirdik. Dənli bitkilərdən ibarət xəmir yeməklərinə də önəm verilirdi. Hər gün hər uşağın nə qədər  karbohidrat, zülal qəbul etdiyi kompüterdə yazılırdı. Məktəbdə ayrıca dietoloq işləyirdi. Gigiyenik sanitariya qaydaları da ölkəmizdə ilk dəfə orada tətbiq olunub. Hətta xaricilər də bunu görüb təəccüblənirdilər.

Məktəb üçün bu sistemi qurarkən əcnəbi ölkələri araşdırmış, hansında yaxşı nə var idisə, onu götürmüşdüm. Ümumiyyətlə, qida gözlərə zövq, bədənə sağlamlıq vermirsə, o yemək deyil”.

 “Bufetlərin böyük hissəsi ayrı-ayrı sahibkarlara qeyri-qanuni icarəyə verilib”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib ki, bufetlərdə təhlükəli qidaların satışı inkar olunmur:

 “4 il əvvəl məktəb bufetləri üçün standart hazırlandı və bufetlərə müəyyən məhdudiyyətlər qoyuldu. Burada qazlı içki, bəzi kolbasalar və energetik içkilərin satışı qadağan olundu. Amma məktəb  və bağçaların bufetləri hələ də baxımsız vəziyyətdədir. Onlar mərkəzləşdirilmiş şəkildə təmin olunmurlar. Buna görə də kim necə gəldi mal gətirərək, onun satışını həyata keçirir. Bufetlərin böyük hissəsi ayrı-ayrı sahibkarlara qeyri-qanuni icarəyə verilib. Onlar məktəb direktorları ilə əlbir işləyir, özlərinə sərf edəni edirlər. Ümumiyyətlə, böyük tənəffüs uşaqların qidalanmasına şərait yaratmır. Həmişə təklif etmişəm ki, məktəb dəhlizlərinə avtomatik meyvə satan aparatlar qoyulsun. Bu, sahibkara da xeyir verəcək. Hər şagird 20 qəpik ödəməklə təzə meyvə yeyəcək”.

Onun sözlərinə görə, kimsə bufetlərdəki qiymətlərə müdaxilə edərək, qiymətlərin aşağı salınmasını tələb edə bilməz. Valideyn komitələri bu vəziyyətə diqqət yetirə bilərlər. Amma heç kim inzibati yollarla qiyməti aşağ-yuxarı edə bilməz. Bufeti kim qeyri-qanuni işlədirsə, qiyməti də o müəyyən edir.

Dünya təcrübəsi barədə də məlumat verən Eyyub Hüseynov bildirib ki, MDB ölkələrinin əksəriyyətində məktəblər qida ilə mərkəzləşdirilmiş qaydada təmin olunurlar:

“Ayrı-ayrı qida ixracçıları ilə müqavilə bağlanır və qidalar nəzarət altında olur.  Qidanın təhlükəsizliyi tam təmin olunur. Məktəbdə təhlükəli qida aşkar olunarsa, məktəb rəhbərliyi məsuliyyət daşıyır”.

“Məktəb bufetlərindəki qiymətlərin çoxluğu gözləniləndir. Bu, qanun pozuntusu deyil”

İqtisadçı Əkrəm Həsənov isə bildirib ki, bufet qiymətlərinin necə nizamlanması ilə bağlı hansısa normativ yoxdur. Bazar iqtisadiyyatında iaşə sahəsi öz qiymətlərini müəyyənləşdirir:

“Buradakı qiymətlərin bazardakından baha olması gözləniləndir. Çünki rəqabət olmayan yerdə qiymət artır. Məktəbin içində müəllim və şagirdlər üçün alternativ yoxdur. Onlar gedib başqa yerdə yeyə bilməzlər. Şəhərdə isə kafe çox olduğuna görə qiymət və keyfiyyətlə bağlı rəqabət olur.

Düzdür, sağlam məntiqə əsasən qiymətlər aşağı olmalıdır. Çünki bufetlər restoranlar kimi icarə haqqı vermirlər. Bəlkə də bu bahalıq keyfiyyət yüksəkliyinə görədir.  Burada ərzaq digər yerlərdən bahadırsa, bunun hansısa əsası olmalıdır. Amma bu, qanun pozuntusu deyil”.

“Şagird və tələbələrin çoxluğundan sui- istifadə etməsinlər”

“Bazar iqtisadiyyatı şəraitində qiymətlərlə bağlı göstəriş vermək düzgün deyil. Amma Təhsil Nazirliyi qaydalar müəyyənləşdirə bilər. Prinsip qoya bilər ki, buradakı qiymətlər ən azından ətraf kafelərdən baha olmasın.  Xarici universitetlərin bufetində qiymətlər ətraf kafelərdən ucuzdur. Hətta onu işlədən sahibkarın da daimi müştəriləri var”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları