
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
22 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
22 may Beynəlxalq Bioloji Müxtəliflik Günüdür:
2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edib.
Azərbaycanda biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulub.
Bizim taleyimiz ekosistemin məhsuldarlığından və sağlamlığından asılı olduğundan dünyada biomüxtəlifliyin qorunması, irqindən, dinindən, rəngindən asılı olmayaraq, hər birimizin borcudur. Bu baxımdan təbiətdə canlıların qorunması təbliğinə istiqamətlənmiş 22 May – Beynəlxalq Biomüxtəliflik Gününü Avropanın bir çox ölkələri qeyd edirlər.
22 may görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin xatirə günüdür:
Hadi romantizm üslubunda gözəl şeirlərilə ümumtürk ədəbiyyatında özünəməxsus yer tutur. Şərq ədəbiyyatı, tarixi, ərəb və fars dillərini mükəmməl bilən şair “Həyat” qəzeti və “Füyuzat” jurnalında işləyib. 1911-1914-cü illərdə İstanbulda yaşayıb, burada Tofiq Fikrət və Rza Tofiqlə dostluq edib.
Nizami, Ömər Xəyyam, Hafiz və başqa klassiklərdən tərcümələri olan, yaradıcılığında maarifçilik ideyaları mühüm yer tutan, 1918-ci ildən Gəncə və Bakıda yaşayan Məhəmməd Hadi çox yoxsul həyat sürüb, şeirlərini satmağa məcbur olub. Şair 1920-ci ilin 22 mayında 41 yaşında dünyasını dəyişib.
22 may 1995-ci ildə Azərbaycan və Laos arasında diplomatik əlaqələr qurulub.
22 may 1996-cı ildə Azərbaycan və Liberiya arasında diplomatik əlaqələr qurulub.