_853.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
24 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
24 may Ümumdünya Şizofreniya Günü:
Şizofreniya - düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümumi simptomlar paranoid, eşitmə hallüsinasiyaları, nitqdə əks olunan düşüncə pozğunluğu və əqli çatışmazlığın da daxil olduğu yanılmalardır.
Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır. Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir.
24 may Avropa Parkları Günüdür:
Bu gün təbii ərazilərin qorunmasında beynəlxalq həmrəyliyi simvollaşdırır. Günün keçirilmə tarixi 1909-cu il mayın 24-də Avropada ilk milli parkların yaradılması ilə bağlıdır. Bunlar İsveçdə yaradılmış doqquz milli park idi. O vaxtdan bəri qorunan təbiət əraziləri Avropanın təbii və mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib.
24 mayda Azərbaycanın tanınmış publisisti, marrifçi və ictimai xadimi Ömər Faiq Nemanzadə Tiflisdə dünyaya gəlib:
1906-1910-cu illərdə Cəlil Məmmədquluzadə ilə birlikdə “Molla Nəsrəddin”in əsas naşirlərindən olan Ö.F.Nemanzadə məqalələrində cəhalətə, fanatizmə qarşı çıxıb, çarizmin müstəmləkəçilik siyasətini ifşa edib. O, 1937-ci il Stalin repressiyasının qurbanı olub.
24 may 1032-ci ildə dünyanın ən məşhur ensiklopedik biliyə malik alimlərindən olan Əbu Əli ibn Sina nadir astronomik təzahürü – Venera planetinin Günəş diskindən keçməsini müşahidə və təsvir edib:
Maraqlıdır ki, İbn Sinanın qeydləri yalnız 1980-ci ildə mütəfəkkir alimin 1000 illik yubileyi ərəfəsində aşkara çıxıb. Həmin vaxta qədər isə güman olunurdu ki, Veneranın Günəş reydini ilk dəfə 1639-cu ildə avropalılar müşahidə ediblər.