
Azərbaycan Dövlət Pedaqoji Universitetində Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr edilmiş XVI Rus dilində Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AzEdu.az-a bildirilib ki, builki Olimpiadada Azərbaycanın 50 şəhər və rayonundan 8 min nəfər iştirak edib, onların 80-i müsabiqənin qalibləri elan olunub.
Qaliblərə və onların təhsil aldıqları məktəblərin direktorlarına “Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyi və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin diplomları və xatirə hədiyyələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, hər il Rus dilində Respublika Olimpiadası Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universitetinin və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə keçirilir.