
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) mayın 24-də öz işini davam etdirib. “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş konfransın ikinci gününün birinci panel müzakirəsi “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər” mövzusunda olub.
Bu barədə AzEdu.az-a UNEC-dən bildirilib. UNEC-in rektoru professor Ədalət Muradov bugünkü panellərdə dünya iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən dayanıqlılıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə olunacağını bildirib.
Ölkədə rəqabətin təmin olunması istiqamətində ciddi tədbirlərin aparıldığını deyən rektor Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Rəqabət məcəlləsi”ni tarixi qərar adlandırıb: “Rəqabət məcəlləsi” rəqabət sahəsində dünyada mövcud olan ən mütərəqqi təcrübəni özündə ehtiva etməklə yanaşı, Azərbaycan reallığını da tam əks etdirir”.
Rektor rəqabətin bazar iqtisadiyyatına, resursların səmərəli istifadəsinə müsbət təsirlərindən də söz açıb. Eləcə də yeni texnologiyaların rəqəmsal iqtisadiyyatda, rəqəmsallaşmanın isə dayanıqlı inkişafda yaratdığı problemlərə diqqət çəkərək bu istiqamətdə elmi araşdırmaların aparılmasının vacibliyini bildirib.
Ə.Muradov Azərbaycan kimi kiçik iqtisadiyyatlı ölkələrdə əqli mülkiyyət hüquqlarının qorunması məsələsinə də toxunub.