Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 11:09:58
MİQ-ə ərizə verənlərin sənədləri nə vaxt TƏSDİQLƏNƏCƏK?

Xəbər verildiyi kimi, mayın 15-dən 22-nədək 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin elektron sənəd qəbulu mərhələsi aprılıb.



Artıq sənəd qəbulunun başa çatmasından 12 gün keçib, amma namizədlərə hələ cavab verilməyib – yəni kimin MİQ imtahanlarına buraxılacağı, kimin buraxılmayacağı məlum deyil.



Bəs məüllim olmaq üçün MİQ imtahanlarına sənəd verilənlərin müraciəti nə vaxt cavablandırılacaq?



AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Təhsil İnstitutu nəzdində İnsan Resursləri Mərkəzinin məlumatına görə, hazırda qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesi aparılır. Elektron ərizələr yoxlanılıb başa çatdırıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

 

Bunun yaxın günlərdə mümkün ola biləcəyi istisna olunmur.



Qeyd edək ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçirilib. 

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi olmaqla 4 mərhələdən ibarətdir.



Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.



Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 (ümumilikdə 60) sual təqdim ediləcək.



Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.



Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan bir sual 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq.



Ümumilikdə cavablara 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.



Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən çıxılacaq.



Test imtahanının nəticələrində keçid balı 40 bal götürüləcək.



Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaq.