_708.jpg)
Müəllimlərin İşə Qəbulu imtahanı artıq yaxınlaşır. Bu səbəbdən də bir çox namizədlər öz ixtisasları üzrə müəyyən hazırlıqlara gedirlər.
Təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bildirib ki, diplomlu müəllimin özünə inam və güvəni varsa, kursa getməməlidir.
“Müəllimlərun İşə Qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, həmçinin 3 ildən çox müddətsiz əmək müqaviləsi ilə işə qəbul olub fasiləsiz çalışmış müəllimlər iştirak hüququna sahibdirlər.
Təsəvvür edin, ali məktəbi bitirib diploma sahiblənən müəllim, ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əlavə imtahan verməli, müsabiqə, müsahibə mərhələsindən keçməli, onunla bağlanmış müvəqqəti müqavilənin daimiləşməsi üçün bir müddət intizar içərisində gözləməlidir. Hələ bu azmış kimi əlavə prosedurları aşmaq üçün müəllim hələ bir əlavə hazırlıq kurslarına da getmək zərurəti qarşısında qalmalıdır. Habuki, biz də müəllim olmuşuq, tələb-təklif prinsipi əsasında təyinatla əmək fəaliyyətinə başlamışıq, hardan gəlmişdiksə, ora da göndərilmişik, bir-iki bala görə öz doğma ev-eşiyimizdən didərgin salınmamışıq. Bitirdiyimiz ali təhsil müəssisəsinin diplomu əmək fəaliyyətimizə başlamaq üçün yetərli idi. Hər hansı bir əlavə hazırlıq prosedurlarına ehtiyac yox idi”.
“Ali məktəbi bitirən diplomlu müəllimin əmək fəaliyyətinə başlaması üçün əlavə imtahana ehtiyac varmı?”,-deyə N.İsrafilov vurğulayıb:
“2011-ci ildən başlayaraq MİQ müsabiqəsi keçirilir və bu günə qədər də davam etməkdədir. İstəsək də, istəməsək də açıq etiraf etməliyik ki, ölkəmizdə müəllimlərin işlə təmin olunmasında hələ də müəyyən problemlər yaşanmaqdadır. Müəllimlərin sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu və nəticədə rəqabət mühitinin yarandığı cəmiyyətdə heç də birmənalı qarşılanmamış, müəyyən narazılıqlarla müşayiət olunmuşdur.
Kiçik bir xatırlatma yerinə düşər ki, 1990-cı illərə qədər müəllimlərin işə qəbulu rayon təhsil şöbələri tərəfindən hər müəllimin növbəyə durması əsasındı həyata keçirilirdi. Sonralar bu funksiya məktəblərə həvalə olundu. Bütün məktəblər vakansiyaları "Azərbaycan müəllimi" qəzetində dərc edirdilər. Hər məktəbin qabağında o vakansiyalar yerləşdirilirdi. Məktəbdə 9-11 nəfərdən ibarət xüsusi komissiya yaradılırdı. Komissiya müəllimin açıq dərsini dinləyir, müsahibə aparır və müəllimin namizədliyini rayon təhsil şöbəsinə təqdim edirdi. Ondan sonra rayon təhsil şöbəsi əmr verirdi.
Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçməsi ilə əlaqədar qaydalar dəfələrlə dəyişilib. Qaydalardakı müəyyən ziddiyyətlər zaman-zaman gündəmə gətirilib və müzakirə obyektinə çevrilib. Ehtiyac varsa belə, bu halda imtahan girmək üçün əlavə hazırlıq hansı zərurətdən irəli gəlir? Əgər müəllimin özünə inam və güvəni yoxdursa, bu inamsızlıq ali məktəbdə qazandığı bilik və bacarıqlara, inamsızlıqdır yoxsa, verəcəyi imtahana güvənsizlikdir? Daha konkret desək, hədəf diplom alandır, yoxsa diplom verən? Problemin kökü diplom alandadır, yoxsa diplom verəndə?”.