Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-07 09:09:00
“Tarixdə bu gün” - 7 iyunda nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

7 iyun tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

7 iyun Türk İşarə Dili Bayramıdır:

 

2007-ci il 7 iyunda keçirilən Türk İşarə Dili Simpoziumundan sonra 7 İyun Türk İşarə Dili Bayramı olaraq qəbul edilib. Hər ilin bu günü Türk İşarə Dili Günü kimi festivalla qeyd olunur. Türk İşarə Dili Türkiyə və Şimali Kipr Türk Respublikasında eşitmə qüsurlu insanların istifadə etdiyi ortaq bir dildir. Türk İşarə Dilinin abbreviaturası TID kimi tanınır. Başlanğıc tarixi dəqiq bilinməsə də, Türk İşarə Dili haqqında ilk məlumat 9-cu əsrə aiddir. Türk İşarə Dili Festivalı ilk dəfə 2007-ci ildə rəsmi olaraq qeyd olunmağa başladı. 1880-ci ildə Milan Konqresində işarə dili təhsilindən imtina edildi və dünyada şifahi təhsilə başlanıldı. Lakin 1960-cı illərdən sonra dünyada işarə dilinin tədrisi geniş yayılmağa başladı. ABŞ və Avropanın bir neçə ölkəsində işarə dili dövlət dili kimi qəbul edilib.

 

7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günüdür:

 

 Beynəlxalq günün təsis edilməsində əsas məqsəd qida ilə əlaqəli risklərin aşkarlanması, onun qarşısının vaxtında alınması və düzgün idarə olunmasına diqqət çəkməklə ərzaq təhlükəsizliyinə, insan sağlamlığına, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdən ibarətdir.

 

7 iyun   1905-ci ildə tarixində gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi “Həyat” qəzetinin ilk nömrəsi “Kaspi” mətbəəsində Azərbaycan dilində çapdan çıxdı:

 

Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə idilər. 1906-cı il sentyabrın 3-dək 325 nömrəsi çıxan “Həyat” qəzeti ilə Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Firudin bəy Köçərli və başqa tanınmış ziyalılar əməkdaşlıq ediblər.

 

7 iyun tanınmış telejurnalist Əhməd Aşurbəyovun xatirə günüdür:

 

Bakıda anadan olan Əhməd Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi fəaliyyətə başlayıb.

 

Sonralar Azərbaycanda rəngli televiziyanın ilk baş redaktoru olan Əhməd Aşurbəyov respublika teleməkanında kino proqramları redaksiyasının yaradıcısı və baş redaktoru idi. Milli film xadimlərinin tanınması, dünya kinosunun Azərbaycan tamaşaçılarına çatdırılması istiqamətində əvəzsiz xidmətləri olub: “Retro” kinosalonu, “Cırtdan” kinosalonu, “Kinoklub” əyləncəli proqramı məhz Əhməd Aşurbəyovun təşəbbüsü ilə mavi ekrana çıxıb. Onun ssenariləri əsasında “Bakı eyvanları” və “Bakı Azərbaycanın paytaxtıdır” sənədli filmləri çəkilib. Əhməd Aşurbəyov həm də Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Əsilzadələr Məclisinin üzvü idi. (1942-2001)