
Dördüncü “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsindən keçməyən 68 nəfər apellyasiyaya müraciət edib.
AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, əyani mərhələnin birinci turu olan qabiliyyət imtahanında iştirak edən 3801 namizəddən 1311 nəfəri idarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb:
“Hər bir müraciət diqqətlə araşdırılıb və iştirakçılara ətraflı cavablar verilib. İyulun birinci həftəsində müsabiqənin yarımfinal mərhələsi keçiriləcək və 100 nəfər finala keçəcək”.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.