Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-22 10:00:00
10 minə yaxın ingilis dili müəllimi sertifikasiyadan keçəcək  

Bu gün ingilis dili müəllimləri sertifikatlaşdırmaya cəlb olunub.

 

AzEdu.az xəbər verir ki, iyunun 22-də sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ikinci gününə ingilis dili fənnini tədris edən təhsilverənlər cəlb olunub.

 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir.

 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 797-ə yaxın təhsilverən dəvət edilib.

 

Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

 

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. 

 

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 24 iyun tarixində də davam edəcək. Həmin tarixdə xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.