_770_184.jpg)
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
3 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
3 iyul Beynəlxalq polietilen paketdən imtina günüdür:
2002-ci ildə plastik torbaların fəlakətli daşqınlar zamanı drenaj sistemlərinin tıxanmasında əsas rol oynadığı aşkar edildikdən sonra Banqladeş dünyada nazik polietilen torbalara qadağa tətbiq edən ilk ölkə oldu. Cənubi Afrika, Ruanda, Çin, Avstraliya və İtaliya kimi digər ölkələr də tezliklə bu prosesə qoşuldular.
Ölkəmizdə də 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan olunub.
3 iyul 1917-ci ildə Azərbaycanın paytaxtı Bakıda “Hümmət” qəzetinin birinci nömrəsi çapdan çıxdı:
Bu mətbuat orqanı XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi şüurunun oyanışında, eləcə də xalqın maariflənməsində özünəməxsus rol oynadı.
3 iyul 1794-cü ildə Azərbaycanın görkəmli alimi, tarixçi, yazıçı və dövlət xadimi Abbasqulu ağa Bakıxanov Bakının Xilə kəndində anadan olub:
Bakı xanlarından olan Abbasqulu ağanın gənclik illəri Qubada keçib. Azərbayca ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Bakıxanov həm də qələmə aldığı “Gülüstani-İrəm” əsərilə Azərbaycanın tarixi keçmişini öyrənmək üçün əvəzedilməz mənbə yaradıb.
Rusiya ordusunda hərbi xidmətini başa vurduqdan sonra Məkkəni ziyarət edən Abbasqulu ağa Bakıxanov qayıdarkən elə buradaca dünyasını dəyişib. (1794-1847)
3 iyul 1973-cü ildə Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi açıldı:
Sonradan ATƏT adlanan bu təşkilat qitənin bütün dövlətlərinin hüquq bərabərliyi əsasında təmsil olunduğu yeganə təşkilatdır. ATƏT-in Minsk qrupu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradıldı.