
“Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini bir ay bundan əvvəl müzakirə edərək qəbul edib. Ondan sonra son variant təkmilləşdirilib. Artıq tam təkmilləşdirilmiş variant Nazirlər Kabinetinə təqdim olunub”.
AzEdu.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini İsa Həbibbəyli deyib.
O bildirib ki, artıq Nazirlər Kabinetindən cavab gözləyirlər.
“Layihənin son variantı 62 maddədən ibarədir. Bu günlərdə Nazirlər Kabinetindən cavab gözləyirik. Orfoqrafiya Komissiyasının üzvləri ilə razılaşdırılıb Nazirlər Kabinetinə təqdim etdiyimiz varianta Komissiyasının bütün üzvləri səs verib. Onu da deyim ki, ölkənin ən tanınmış dilçiləri komissiyasının üzvüdür”.
Qeyd edək ki, bir neçə aydır aparılan Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabrın 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni orfoqrafiya qaydaları qüvvəyə minəcək.