
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 14-də Şəki şəhərində keçirdiyi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul (2-ci cəhd), həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahanlar başa çatıb.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 8 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 7, 8, 11, 12, 14, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 1889 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 24 imtahan rəhbəri və 187 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 154 zal ayrılıb. İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.